Azərbaycanın bank sektorunun aktivləri 12 % artıb
- 29 sentyabr, 2025
- 10:36

Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 55 milyard 672,4 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 12,3 % çoxdur.
Bankların aktivlərinin 26 milyard 981,5 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 9,9 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 49,5 %-dən 48,5 %-ə düşüb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 12,3 % artaraq 48 milyard 595,3 milyon manata, o cümlədən depozit portfeli 4,3 % artaraq 36 milyard 517,8 milyon manata çatıb. Bunun 15 milyard 086 milyon manatı fiziki, 21 milyard 431,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 8,6 % artıb, şirkətlərin banklardakı vəsaitləri isə 1,5 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 89,6 dəfə azalaraq 0,5 milyon manat olub.
Sektorun balans kapitalı isə 12,1 % artaraq 7 milyard 077,1 milyon manat təşkil edib.