"Araz-Naxçıvan"ın baş məşqçisi: "Benfika"nı məğlub etmək üçün maksimum gücümüzü səfərbər edəcəyik"

Futbol
  • 21 noyabr, 2025
  • 14:13
Araz-Naxçıvanın baş məşqçisi: Benfikanı məğlub etmək üçün maksimum gücümüzü səfərbər edəcəyik

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 finalında "Benfika"nı (Portuqaliya) məğlub etmək üçün bütün gücünü səfərbər edəcək.

Bunu "Report"a açıqlamasında Naxçıvan təmsilçisinin baş məşqçisi Yevgeni Kukseviç deyib.

Rusiyalı mütəxəssis "Araz-Naxçıvan"ın sıradan komanda olmadığını vurğulayıb:

"İstənilən rəqiblə oyun sıfırdan başlayır. Yəni şanslar bərabər olur. Rəqibin güclü olduğunu bilirik. Amma biz də sıradan komanda deyilik. Maksimum gücümüzü səfərbər edəcəyik. Bir şeyi unutmaq olmaz, bu rəqabət iki oyundan ibarətdir. Birinci matçda edə bilmədiklərimizi ikinci görüşdə həyata keçirməyə çalışacağıq".

O, Portuqaliya təmsilçisi haqqında yetərincə məlumat topladıqlarını söyləyib:

"Rəqib haqqında lazımi qədər məlumatımız var. Son oyunlarına da baxmışıq. "Benfika" Avropanın top komandalarından biridir. Hər il UEFA Çempionlar Liqasında oynayır. "Dördlər finalı"nda oynayan komandadır. Çətin rəqibdir, məşqçilər korpusu bu komanda haqqında məlumatlar toplamağa davam edir. İntensiv məşqlər keçiririk və oyuna 60-70% hazırıq. Qarşıda üç günümüz var. Bundan səmərəli şəkildə istifadə edib tam hazır olmağa çalışacağıq".

Baş məşqçi heyətə yeni futbolçular cəlb olduğunu da bildirib:

"Üç oyunçumuz cəzalıdır. Biri isə zədədən yeni sağalıb və yüngül məşqlərə başlayıb. Həkimlər oyun gününə qədər onu hazırlamağa çalışır. Əlavə olaraq "Neftçi"dən Yaqo Enrikeni, "Baku Fire"dən Kənan Manafov və Fərdi Abbasovu icarə əsasında heyətə cəlb etmişik".

Qeyd edək ki, Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Portuqaliyanın "Benfika" klubu ilə qarşılaşacaq. İlk görüş noyabrın 24-də Bakıda, cavab matçı isə dekabrın 5-də rəqib meydanında keçiriləcək.

Bu cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) – "Sportinq" (Portuqaliya) oyununun qalibi ilə üz-üzə gələcək.

Son xəbərlər

Bütün Xəbər Lenti