"Sənaye 4.0 Hazırlıq" proqramına müraciət edən müəssisələrin sayı 15-ə çatıb
- 21 noyabr, 2025
- 14:14
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) həyata keçirdiyi "Sənaye 4.0 Hazırlıq" Proqramına müraciət edən müəssisələrin sayı 15-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə məlumatı 4SİM yayıb.
Qeyd edilib ki, artıq müraciət edən müəssisələrdə yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə texnoloji transformasiya üzrə yerində qiymətləndirmə proseslərinə başlanılıb. Bu qiymətləndirmələr çərçivəsində müəssisələrdə əməliyyatların idarə olunması, infrastruktur, avtomatlaşdırma səviyyəsi və texnoloji transformasiya potensialı təhlil olunur.
Proqram həmçinin dayanıqlı inkişaf istiqaməti üzrə qiymətləndirmələri də əhatə edir. Bu mərhələdə bizneslərin enerji səmərəliliyi, resurslardan istifadə, tullantıların optimallaşdırılması, sosial məsuliyyət və korporativ idarəetmə sahələrində mövcud vəziyyət araşdırılır.
"Sənaye 4.0 Hazırlıq" Proqramı nəticəsində hər bir müəssisə texnoloji transformasiya üzrə fərdi yol xəritəsi əldə edir. Yol xəritəsinin icrası mərhələsində şirkətlərə İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) güzəştli kreditlər və beynəlxalq mütəxəssislərin iştirakı ilə ekspertiza dəstəyi təqdim edir.
Proqram istehsalat, mədənçilik, tikinti, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin iştirakı üçün açıqdır. Fiziki və hüquqi şəxslər industry4.az platforması üzərindən qeydiyyatdan keçə bilərlər. Proqramda iştirak ödənişsizdir.