Azərbaycanda neft-qaz sektoru üzrə büdcə daxilolmaları 7 %-dən çox artıb
- 22 oktyabr, 2025
- 14:41
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektoru üzrə daxilolmalar 14 milyard 149,6 milyon manat təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 % çoxdur.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Hesabat dövründə neft-qaz sektorunun büdcə daxilolmalarındakı payı 48,6 % olub.
Neft-qaz sektorundan daxilolmaların 23,2 %-i və yaxud 3 milyard 288,8 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 76,8 %-i və yaxud 10 milyard 860,8 milyon manatı isə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin payına düşüb.
Vergi orqanlarının xətti ilə daxil olmuş vəsaitlərinin 53,2 %-i və yaxud 1 milyard 748,4 milyon manatı "Şahdəniz" yatağı üzrə mənfəət vergisi, 39,3 %-i və ya 1 milyard 291,6 milyon manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi vergilər, 7,6 %-i və yaxud 248,8 milyon manatı isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin mənfəət vergisinin hesabına formalaşıb.