Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozlarını yeniləyib
- 22 oktyabr, 2025
- 10:02

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 6 %, 2026-cı ildə isə 5,7 % ətrafında olacağı gözlənilir.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Xatırladaq ki, bu ilin iyul ayında qurum illik inflyasiyanın 2025-ci ildə 5,7 %, 2026-cı ildə isə 5,3 % ətrafında olacağını açıqlamışdı.
"Baza ssenarisinə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. İnflyasiya proqnozunun yuxarıya doğru dəyişdirilməsi, əsasən təklif amilləri ilə bağlıdır", - deyə AMB bəyan edib.
Bundan başqa, açıqlamada deyilir ki, ötən iclasdan sonra inflyasiyanın risklər balansında nəzərəçarpan dəyişiklik baş verməyib. Qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarlarında dalğalanmaları davam etdirir. Əsas xarici risk mənbəyi olan idxal qiymətlərinin daxili inflyasiyaya təsiri ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikası ilə bağlıdır. Daxili risk faktorları ilə bağlı qeyd olunmalıdır ki, yenilənmiş proqnozlar növbəti dövrdə inflyasiyanın, əsasən, təklif – xərc amilləri hesabına formalaşacağını göstərir. 2026-cı ilə dövlət büdcəsinin ilkin parametrləri və kredit qoyuluşlarının illik artımının səngiməsi məcmu tələbin izafi artımı riskini azaldır.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın istiqaməti, habelə xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir. AMB bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcək.