Tüstüsüz transformasiya: riskdən alternativə

Biznes
  • 22 oktyabr, 2025
  • 19:06
Tüstüsüz transformasiya: riskdən alternativə

Hər il noyabr ayının üçüncü cümə axşamı dünyada Beynəlxalq Tütünçəkmədən İmtina Günü ("No Smoking Day") qeyd olunur. Bu təşəbbüs 1977-ci ildə Amerika Onkologiya Cəmiyyəti ("American Cancer Society") tərəfindən irəli sürülüb və tütündən şüurlu imtina üçün ilk qlobal çağırış kimi tarixə düşüb.

On il sonra, 1987-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daha bir tarixi - Ümumdünya Tütünlə Mübarizə Gününü ("World No Tobacco Day") təsis edib. Hər il 31 mayda keçirilən bu günün məqsədi də eynidir: milyonlarla insanı tütünsüz həyata doğru addım atmağa təşviq etmək.

Bu iki beynəlxalq təşəbbüsün bir məqsədi var - insan sağlamlığını qorumaq və siqaret çəkənlərə bu zərərli vərdişdən imtina etməkdə dəstək olmaqdır.

Dünyanın müxtəlif ölkələri də bu istiqamətdə fəal siyasət həyata keçirir. Bəzi dövlətlər siqaretin satışını sərt şəkildə tənzimləyir və ictimai yerlərdə tütünçəkməni qadağan edir, digərləri isə tütün məhsullarına yüksək vergilər tətbiq edir və siqareti tərgitmək istəyənlər üçün xüsusi proqramlar yaradır.

Lakin hökumətlərin və beynəlxalq təşkilatların səylərinə baxmayaraq, siqaret çəkənlər hələ də Yer əhalisinin təxminən beşdə birini təşkil edirlər.

ÜST-ün məlumatına görə, 2025-ci ildə dünyada tütün istehlakçılarının sayı 1,25 milyard nəfərə qədər azalıb. Müqayisə üçün, 2000-ci ildə bu göstərici 1,38 milyard idi. Bu, nəzərəçarpan azalma olsa da, "tütün dövrü"nün başa çatdığını demək hələ tezdir.

Bundan başqa, radikal qadağalar bəzən arzuolunmaz nəticələrə gətirib çıxarır: leqal tütün məhsullarının bahalaşması və əlçatanlığın azalması insanları qaçaqmal və saxtalaşdırılmış siqaretlərə yönəldə bilər. Bu isə həm vergi daxilolmalarını azaldır, həm də xəstəliklərin yayılma riskini artırır.

Siqaretin vurduğu zərərin miqyasını təsəvvür etmək çətindir, xüsusilə də bütün siqaret çəkənlərin təxminən 80 %-nin inkişaf etməkdə olan ölkələrdə yaşadığını nəzərə alanda. Bu ölkələrdə səhiyyə sistemləri çox vaxt məhdud resurslara malik olur və əhali daha yüksək risk altında qalır.

Əgər siqareti tərgitmirsinizsə - dəyişin

Bəşəriyyəti əsrlərdir davam edən bu vərdişdən imtina etməyə razı salmaq çox vaxt mümkün olmur. Belə olan halda isə diqqət "tam imtina"dan "zərərin azaldılması" strategiyasına yönəlir.

"Əgər siqaret çəkmirsinizsə - başlamayın, çəkirsinizsə - tərgidin, tərgitmirsinizsə - dəyişin" - bu prinsip istehlak mallarının istehsalı üzrə dünya liderlərindən biri olan "Philip Morris International" (PMI) şirkətinin fəlsəfəsinə çevrilib.

Tütündən tamamilə imtina etmək mümkün olmadıqda, onun zərərini necə azaltmaq olar? PMI hesab edir ki, alternativ mövcuddur. Şirkət siqaret çəkən yetkin şəxslər üçün daha az zərərli alternativ - tüstüsüz tütün məhsulları təklif edir.

Bu mövqe sadəcə şüarlara deyil, 1 400-dən çox alim, mühəndis və texniki mütəxəssisin iştirakı ilə aparılan çoxillik elmi tədqiqatlara əsaslanır. Şirkət səhiyyə və biznes maraqları arasında balans yaradaraq, tüstüsüz texnologiyaların inkişafı, kommersiyalaşdırılması və innovasiyalarına təxminən 14 milyard ABŞ dolları məbləğində investisiya yatırıb.

Bu gün PMI-nin bütün elmi-tədqiqat investisiyalarının 99 %-dən çoxu məhz tüstüsüz məhsulların hazırlanmasına yönəlib. Onların payı artıq şirkətin ümumi gəlirlərinin 40 %-ni keçib ki, bu da tütün sənayesində genişmiqyaslı transformasiyanın göstəricisidir.

Şirkətin məlumatına görə, dünyada 40 milyondan çox insan artıq PMI-nin tüstüsüz həllərini seçib.

Tüstüsüz tütün məhsulları arasında flaqman sayılan IQOS qızdırılan tütün cihazı hazırda dünya bazarının təxminən 70 %-nə nəzarət edir və brend dəyərinə görə artıq əfsanəvi "Marlboro"nu belə geridə qoyub.

"Başa düşürük ki, hər kəs üçün uyğun olan universal məhsul mövcud deyil. Buna görə də multikateqoriyalı portfelimiz siqaret çəkən yetkin şəxslərə fərdi vərdişlərə və həyat tərzinə uyğunlaşdırılmış tüstüsüz alternativlərin geniş seçimini təklif edir", - deyə PMI-nin tüstüsüz məhsullar kateqoriyası üzrə regional vitse-prezidenti Xristos Kiritsis bildirib.

Od olmayan yerdən tüstü çıxmaz

Müasir araşdırmalar göstərir ki, tüstüsüz tütün məhsullarında zərərli və kanserogen maddələrin miqdarı siqaret tüstüsündəkinə nisbətən 95 % azdır.

Bu fakt xüsusilə vacibdir, çünki hər il dünyada iki milyondan çox insan ağciyər xərçəngindən əziyyət çəkir və onların təxminən 85 %-i ənənəvi siqaret çəkənlərdir.

Mütəxəssislərin fikrincə, əgər hökumətlər və tənzimləyici orqanlar daha az zərərli alternativlərin istifadəsini dəstəkləsələr, siqaret çəkənlərin bu məhsullara keçidi əhəmiyyətli dərəcədə sürətlənə bilər.

Məsələn, Yaponiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, bazarda tüstüsüz alternativlər ortaya çıxdıqdan sonra ölkədə siqaretçəkmənin yayılması 50 % azalıb.

Bu cür məhsulların geniş əlçatan olduğu İsveçdə isə siqaret çəkənlərin payı artıq əhalinin cəmi 5 %-nə düşüb. İsveçin təcrübəsi Yeni Zelandiyanı da ilhamlandırıb: burada hökumət tüstüsüz alternativləri təşviq etməyə başlayıb və nəticədə 2024-cü ilə qədər ölkə əhalisinin yalnız 7 %-dən azı ənənəvi siqaret çəkir. Yeni Zelandiyanın məqsədi 2030-cu ilə qədər "tüstüsüz dövlət" statusuna nail olmaqdır.

Oxşar yanaşma Böyük Britaniyada da tətbiq olunur. Burada hökumət təkcə bazarı tənzimləmir, həm də vətəndaşları nikotin tərkibli məhsulların riskləri və üstünlükləri barədə aktiv şəkildə məlumatlandırır, siqaret çəkməkdən tamamilə imtina etməyə hazır olmayan insanların bu məhsullara keçidini təşviq edir.

Əksinə, tüstüsüz məhsulların qadağan olunduğu ölkələrdə ənənəvi siqaret istifadəsinin səviyyəsi ya sabit qalır, ya da çox cüzi azalır. Belə ölkələr arasında Türkiyə, Hindistan, Vyetnam və Tailand var.

Tüstüsüz alternativlərə qarşı ehtiyatlı münasibəti isə anlamaq mümkündür. Tarix göstərir ki, hər bir texnoloji yenilik əvvəlcə şübhə ilə qarşılanır - istər ilk telefon, istər avtomobil, istərsə də təyyarə. Bu gün eyni münasibət qızdırılan tütün texnologiyalarına qarşı müşahidə olunur.

"Philip Morris International" şirkətində hesab edirlər ki, zaman innovasiyaların xeyrinə işləyir. Şirkətin proqnozlarına görə, yaxın illərdə tüstüsüz məhsullar ənənəvi siqaretləri bazardan sıxışdıracaq, və artıq 2030-cu ilə qədər PMI-nin gəlirlərinin üçdə ikisi məhz bu seqmentdən əldə ediləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti