Azərbaycan BOKT-larının xalis mənfəəti 2,5 dəfə azalıb
- 28 oktyabr, 2025
- 12:18
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-sentyabr aylarını 60,3 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə azdır.
9 ay ərzində BOKT-ların əməliyyat gəlirləri 330,4 milyon manat (illik müqayisədə 4,1 % çox), əməliyyat xərcləri 164,1 milyon manat (31 % çox), xüsusi ehtiyatlara ayırmaları 97,5 milyon manat (9,5 dəfə çox), gözlənilməz gəlirləri 0,2 milyon manat (1 il bundan əvvəl olmayıb) mənfəət vergisi ödəmələri isə 8,7 milyon manat (73,2 % az) təşkil edib.
Bu il oktyabrın 1-nə BOKT-ların aktivləri 1 milyard 44,1 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,55 % çoxdur. Bunun 747,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 8,7 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 5 % artaraq 543,4 milyon manata, balans kapitalı isə 8,3 % artaraq 500,7 milyon manata çatıb.