Azərbaycan 5 DİM üzrə metodologiya və metadatalar hazırlayıb
- 26 sentyabr, 2025
- 11:40

Azərbaycan artıq 5 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə 15 göstərici üçün metodologiya və metadatalar hazırlayıb.
"Report" xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov Bakıda keçirilən "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda III Beynəlxalq Statistika Forumunun üçüncü günündə bildirib.
"Bu göstəricilər mina təhlükəsinə məruz qalmış şəxslərin sağlamlığı, sosial yardımlar və məşğulluq sahələrini əhatə edir", - deyə R. Səlimov qeyd edib.
Onun sözlərinə görə, müvafiq dövlət qurumları məlumatların toplanmasını təmin edir və artıq yayım prosesinə başlanılıb: "Məqsəd bu təcrübəni inkişaf etdirərək digər ölkələrlə bölüşməkdir".
R. Səlimov vurğulayıb ki, bu təşəbbüs sosial göstəricilər üzrə beynəlxalq əməkdaşlığı gücləndirmək və məlumatların səmərəli istifadəsini təmin etmək baxımından vacibdir.