“Atəşgah Sığorta”nın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
- 01 aprel, 2021
- 05:42

“Atəşgah Sığorta” ASC 2020-ci ili 3,349 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2,8 dəfə çoxdur.
Ötən il “Atəşgah Sığorta”nın gəlirləri 32,661 milyon manat (illik müqayisədə 16,4% az), xərcləri 28,696 milyon manat (23,6% az), mənfəət vergisi ödəmələri isə 616 min manat (2,1 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Atəşgah Sığorta”nın aktivləri 36,815 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,7% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 25,1% azalaraq 20,872 milyon manata düşüb, balans kapitalı isə 23,5% artaraq 15,943 milyon manata çatıb.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i "ISR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.