Marneulidə Zəfər Gününə həsr olunan yürüş keçirilir
- 08 noyabr, 2025
- 13:53
Bu gün Gürcüstanın Marneuli şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə möhtəşəm yürüş keçirilir.
"Report"un yerli bürosu xəbər verir ki, şəhərin mərkəzində toplaşan gənclər, ictimai fəallar, müəllimlər və şəhər sakinləri tədbirin canlı atmosferini yaradır, Azərbaycan və Gürcüstan bayraqlarını dalğalandırırlar.
Yürüşün məqsədi Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəni qeyd etmək, şəhidlərin xatirəsini anmaq və milli birliyi nümayiş etdirməkdir.
Gürcüstanda yaşayan soydaşlarımız üçün Zəfər Günü təkcə qələbə sevinci deyil, həm də qürur və minnətdarlıq günüdür. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həm Birinci Qarabağ, həm də 44 günlük Vətən müharibəsində əslən Gürcüstandan olan qəhrəmanlar də şəhid olublar. Həmçinin burda yaşayan soydaşlarımız Gürcüstanında azadlığı və ərazi bütövlüyü uğrunda canlarını sipər ediblər. Onların igidliyi iki qardaş xalq – Azərbaycan və Gürcüstan arasında dostluq və həmrəyliyin simvoluna çevrilib.
Gürcüstandakı soydaşlarımızı kompakt şəkildə yaşadıqları bəzi şəhər və kəndlərdə onların adına xatirə abidələri də ucaldılıb.
Marneulidə keçirilən yürüş "Vətən sevgisi sərhəd tanımır" devizi altında təşkil olunub. Tədbirdə gənclərlə yanaşı, ictimai təşkilatların nümayəndələri, məktəblilər və şəhər sakinləri iştirak edir. Yürüş zamanı iştirakçılar şəhidlərin ruhuna ehtiramlarını bildirir, vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər.
Qeyd edək ki, Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı bölgələrində - Marneuli, Bolnisi, Qardabani və Dmanisi - Zəfər Günü münasibətilə müxtəlif tədbirlər keçirilir. Məktəblərdə, mədəniyyət ocaqlarında və tədris mərkəzlərində şəhidlərin xatirəsinə həsr olunmuş anım saatları və tematik tədbirlər baş tutub.
Marneulidəki yürüş şəhər meydanından start götürərək Azərbaycan Evinin qarşısında yekunlaşacaq. Tədbir boyunca şəhidlərin xatirəsinə həsr olunmuş çıxışlar, vətənpərvərlik şeirləri və musiqi kompozisiyaları səsləndiriləcək.
Bu yürüş Gürcüstandakı soydaşlarımızın Azərbaycan xalqının qələbəsinə olan dərin sevgisini, vətənə bağlılığını və milli həmrəyliyini bir daha nümayiş etdirir.