Alkis Drakinos: "ABŞ-nin dəstək verdiyi razılaşma Qafqazın bağlantı xəritəsini dəyişməyə qadirdir" - MÜSAHİBƏ

Maliyyə
  • 15 oktyabr, 2025
  • 15:58
Alkis Drakinos: ABŞ-nin dəstək verdiyi razılaşma Qafqazın bağlantı xəritəsini dəyişməyə qadirdir - MÜSAHİBƏ

Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinin astanasındadır: ölkə iqtisadiyyatını fəal şəkildə şaxələndirir, "yaşıl gündəlik"də iştirakını genişləndirir və Avropa ilə Asiyanın kəsişməsində nəqliyyat qovşağı kimi rolunu gücləndirir. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu proseslərdə Bakının əsas beynəlxalq tərəfdaşlarından biridir.

EBRD-nin Qafqaz üzrə regional direktoru Alkis Drakinos "Report"a müsahibəsində Bankın niyə bərpa olunan enerji və nəqliyyat əlaqələrinə böyük diqqət ayırması, milli hidrogen strategiyasının hansı perspektivləri təklif etməsi və "yaşıl dəhliz"lərin regional iqtisadiyyatı necə dəyişdirə biləcəyi barədə danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Cənab Drakinos, EBRD-nin yaxın illərdə Azərbaycandakı fəaliyyətinin prioritetlərini və strateji istiqamətlərini ümumi olaraq necə səciyyələndirərdiniz? Sizcə, əməkdaşlığın dərinləşdirilməsi üçün ən perspektivli sahələr hansılardır?

- Növbəti beş il ərzində Azərbaycan üçün strateji prioritetlərimiz ölkənin ümidverici iqtisadi perspektivləri və rəqabət üstünlükləri ilə yaxşı şəkildə uzlaşdırılıb: diqqətimizi iqtisadiyyatın şaxələndirilməsinin dəstəklənməsi; "yaşıl keçid"in təşviqi; ölkənin regional əlaqə mərkəzi kimi rolunun artırılmasına cəmləşdirəcəyik. Bu istiqamətlər həm Azərbaycanın ambisiyaları, həm də bizim mandatımızla sıx surətdə üst-üstə düşür.

Şaxələndirməyə gəlincə, biz özəl sektora dəstəyimizi fəal şəkildə davam etdirəcək, yəni "Star Venture" proqramımız çərçivəsində startaplara məsləhət xidmətləri, kiçik və orta müəsisələrə, iri korporasiyalara və tərəfdaş banklara maliyyə və texniki yardım göstərəcək, onların rəqabətqabiliyyətinin genişləndirilməsində və maliyyəyə çıxışın yaxşılaşdırılmasında kömək edəcəyik.

"Yaşıl gündəlik"də güclü təkan müşahidə olunur: biz bu gün Azərbaycanda sənaye miqyaslı bütün bərpa olunan enerji layihələrində iştirak edən yeganə beynəlxalq maliyyə institutu olmağımızla fəxr edirik. Ümumilikdə bu layihələr 1 giqavatdan çox təmiz enerjini təmin edəcək və əminik ki, bu, yalnız başlanğıcdır!

Bağlantı baxımından yaxşı başa düşürük ki, Azərbaycanın coğrafi mövqeyi onu Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsas həlqəsinə çevirir. ABŞ-nin dəstəyi ilə sülh sazişi çərçivəsində əldə edilən tərəqqi regional inteqrasiyanın daha da möhkəmləndirilməsi üçün ümidverici perspektivlərin olduğunu göstərir, ticarət, investisiyalar və inklüziv inkişaf üçün yeni imkanlar açır.

Bu cür əlaqə təkcə daha sürətli və etibarlı deyil, həm də daha "yaşıl" və davamlı olmalıdır. EBRD bu məqsədə nail olunmasına əhəmiyyətli töhfə vermək üçün çox yaxşı mövqedədir.

Tərəfdaşlığımızın bu yeni və perspektivli mərhələsinə görə məmnunluq hissi keçiririk!

- EBRD davamlı və "yaşıl təşəbbüs"lərə böyük diqqət yetirir. Bank Azərbaycan üzərindən "yaşıl dəhliz"lərlə bağlı layihələrə maraq göstərirmi və onların həyata keçirilməsində necə iştirak edə bilər? Belə layihələrin dəstəklənməsi haqqında qərar qəbul edərkən hansı amillər əsas götürülür?

- Davamlı inkişaf bizim mandatımızın əsas elementidir. Biz nəqliyyat infrastrukturunun modernləşdirilməsi üzrə irimiqyaslı layihələrin maliyyələşdirilməsində və ya birgə maliyyələşdirilməsində iştirak edə, davamlı komponentlər üçün donor vəsaitləri cəlb edə və layihələrlə bağlı risklərin azaldılması, investisiya cəlbediciliyinin təmin edilməsi və bütün iştirakçılar üçün faydanın maksimum dərəcədə artırılması üçün hərtərəfli texniki-iqtisadi, ekoloji və sosial araşdırmalar apara bilərik.

Biz həmçinin təkcə investisiya qərarlarının deyil, həm də daha qüsursuz, davamlı və rəqabətqabiliyyətli sistem yaratmağa yönəlmiş "yumşaq" tədbirlərin müəyyən edilməsinə kömək edirik.

Təcrübədə "yaşıl dəhliz" həllərinə multimodal inteqrasiya - dəmir yolu, liman, dəniz və avtomobil əlaqələrinin birləşdirilməsi, logistik proseslərin rəqəmsallaşdırılması, həmçinin marşrut boyunca enerji keçidinin təmin edilməsi üzrə tədbirlər daxildir. Konkret misal olaraq Gürcüstan və Azərbaycan dəmir yolları ilə birgə kontreylerlərlə bağlı apardığımız araşdırmanı göstərmək olar. Layihə yük maşınlarının sürücülərlə birlikdə Batumi və Bakı arasında dəmir yolu ilə daşınmasını nəzərdə tutur ki, bu da tıxacları və emissiyaları azaltmağa imkan verəcək.

İnvestisiyaları nəzərdən keçirərkən əsas amillər aydın iqtisadi məqsədəuyğunluq və bank cəlbediciliyi, real və ölçülə bilən ekoloji səmərə, eləcə də bütün iştirakçıların prosesə sadiqliyidir. "Yaşıl dəhliz"lər daha təmiz və ağıllı bağlantı formasını - bir-biri ilə səmərəli əməkdaşlıq edən iqtisadi aktorların ekosistemini təmsil edir. Bu sahədə böyük təcrübəyə malik olan EBRD belə təşəbbüslərin həyata keçirilməsində etibarlı və təbii tərəfdaşdır.

- Bank Azərbaycanın Milli Hidrogen Strategiyasının hazırlanmasını dəstəkləyib. Sizcə, onun həyata keçirilməsi üçün növbəti mərhələdə hansı addımlar atılmalıdır? EBRD ilə əməkdaşlıq hansı sahələrdə daha məhsuldar ola bilər - istehsal, ixrac, texnologiyaların tətbiqi və ya tənzimləmənin təkmilləşdirilməsi?

- Həqiqətən də biz COP29-da [BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - red.] təqdim edilən Hidrogen üzrə ilk Milli Strateji İcmalın hazırlanmasında hökumətə kömək etdik. İndi biz praktiki fəaliyyətə keçmək üçün strategiyanın özünün hazırlanmasında yardım edirik. Zəruri addımlara aydın tənzimləmənin tətbiqi və artmaqda olan bərpa olunan enerji bazasında pilot layihələrə start verilməsi, habelə hidrogenin şəbəkələr, sənaye və potensial ixrac marşrutlarına inteqrasiyası üçün infrastrukturun yaradılması daxildir.

EBRD hazırda normativ-hüquqi bazanın hazırlanmasında kömək edir. Biz həmçinin pilot layihələrə investisiya qoyuluşu imkanlarını nəzərdən keçirə və daha geniş enerji sistemlərinə inteqrasiyaya kömək edə bilərik. Bizim üçün əsas amillər iqtisadi məqsədəuyğunluq, ölçülə bilən dekarbonizasiya və maraqlı tərəflərin sadiqliyidir. Bu amillərin mövcud olması halında birlikdə çox şeyə nail ola bilərik!

- Bakı Beynəlxalq Dəniz Limanının genişləndirimənin ikinci mərhələsinin həyata keçirilməsinə hazırlıq gedir. EBRD bu layihədə həm maliyyələşdirmə, həm də texniki dəstək baxımından iştirakı nəzərdən keçirirmi? Bank daha geniş regionda liman infrastrukturunun inkişafında hansı prioritetləri görür?

- Biz Bakı limanının genişləndirilməsi planlarını diqqətlə izləyirik və şərtlər bütün tərəflər üçün məqbul olarsa, iştirak imkanını nəzərdən keçirməyə hazırıq. Liman infrastrukturu sahəsində prioritetlərimiz aydındır. Biz layihələrin maliyyə dayanıqlığını, onların ekoloji təhlükəsizliyini və regional nəqliyyat infrastrukturunun inkişafına töhfəsini təmin etməyə çalışırıq.

Həmçinin "daha geniş mənzərə"ni - hərtərəfli bağlantı konsepsiyasını, həmçinin marşrutların digər həlqələrində cari və planlaşdırılan investisiyaları nəzərə almaq vacibdir. Biz artıq Xəzərin şərq sahilində, o cümlədən Aktau limanında nəqliyyat infrastrukturunun inkişafında fəal iştirak edirik. Buna görə də əməkdaşlığın davam etdirilməsi üçün böyük potensial görür və onu genişləndirməyə hazırıq.

- Son vaxtlar Zəngəzur dəhlizi (və ya "Tramp Marşrutu") geniş müzakirə edilir. EBRD bu cür transsərhəd təşəbbüslərin perspektivlərini necə qiymətləndirir? Bank siyasi və regional həssaslığı nəzərə alaraq onların dəstəklənməsində rol oynaya bilərmi?

- Biz regional əlaqələri möhkəmləndirən və davamlı sülhə kömək edən addımları alqışlayırıq. Transsərhəd təşəbbüslər, məsələn, ABŞ-nin dəstəklədiyi saziş Orta Dəhlizi Asiya ilə Avropa arasında marşrut kimi daha miqyaslı və dayanıqlı edə bilər. Bu saziş Qafqazda bağlantı xəritəsini dəyişməyə qadirdir.

Regional iqtisadi perspektivlər haqqında son hesabatımız təsdiq etdi ki, belə tərəqqi yeni ticarət yolları aça, investorların etibarını yaxşılaşdıra və bütün regionun iqtisadi inkişafına təkan verə bilər.

EBRD dayanıqlı komponentləri nəzərə almaqla uzunmüddətli maliyyələşdirmə, həmçinin donor vəsaitlərini cəlb etməklə iri infrastruktur layihələrini dəstəkləməyə hazırdır. Bu dəstək Naxçıvandakı layihələri də əhatə edəcək. Bundan başqa, biz texniki dəstək və siyasi dialoqda iştirakla bağlı zəngin təcrübəmizi təklif edirik.

- COP29-da EBRD Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə layihələr üçün rəqabətli hərraclar sisteminin tətbiqinə dəstəyini ifadə edib. Yaxın gələcəkdə Bankın iştirakı ilə yeni hərracların keçirilməsi gözlənilirmi və bu mexanizmin həyata keçirilməsindən hansı nəticələri gözləyirsiniz?

- Azərbaycanda bərpa olunan enerji üzrə ilk rəqabətli hərracın hazırlanmasında hökumətə dəstək göstərməkdən qürur duyuruq. Bu hərrac demək olar ki, bir il əvvəl başa çatıb və qalib COP29-da elan olunub. Bu, mühüm nailiyyət idi: hərraclar məhz investorlara lazım olan şərtləri - şəffaflıq, rəqabət və xərclərin azaldılmasını təmin edir.

Hərracın birinci raundu və onunla bağlı qanunvericilik və normativ bazada dəyişikliklər növbəti raundların əsasını qoydu. İndi biz həm texniki, həm də maliyyə dəstəyi təqdim etməyə hazırıq. Biz bu mexanizmin daha çox beynəlxalq iştirakçını və onların yüksək keyfiyyətli özəl investisiyalarını cəlb edəcəyini, külək və günəş enerjisinin inkişafını sürətləndirəcəyini və rəqabətqabiliyyətli qiymətlərlə təmiz enerjinin tədarükünü təmin edəcəyini gözləyirik. Bu baxımdan nikbin olmaq üçün hər cür əsasımız var.

Son xəbərlər

Bütün Xəbər Lenti