Araz Məmmədzadə: "Energetika üzrə gənc kadrların terminologiyaya yiyələnməsi vacibdir"
- 15 oktyabr, 2025
- 18:00

Energetika üzrə gənc kadrların peşəkar inkişafı üçün terminologiyanın mənimsənilməsi mühüm əhəmiyyət daşıyır.
Bunu "Report"un Hadruta ezam olunmuş müxbirinə "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.
Onun sözlərinə görə, Hadrutda keçirilən gənc energetiklərin innovasiya və ustalıq müsabiqəsində iştirakçılara ünvanlanan sualların çətinliyi diqqət çəkib və suallar arasında terminlərə dair xüsusi bölmə də yer alıb: "Bu gün beynəlxalq standartlarda bütün dünya terminologiya ilə danışır. Terminlər dəyişir, müasirləşir. Ona görə çalışırıq ki, bizim kadr potensialı həmin terminlərdən yerində, düzgün və lazımi səviyyədə istifadə etsin. Gənc mütəxəssislər həm özləri bu bilikləri mənimsəməli, həm də sonrakı nəsillərə ötürməlidirlər".
O, həmçinin qeyd edib ki, qalib komandaların üzvləri gələcəkdə beynəlxalq tədbirlərdə ustad qismində çıxış edə bilərlər: "Hər bir komanda üzvünün peşəkar yüksəlişi nəzərdə tutulur və onların istəyinə uyğun olaraq karyera inkişafı dəstəklənəcək. Ötən illərdə final mərhələsinə yüksələn və ya birinci yeri qazanan iştirakçılar bu gün artıq yarışlarda iştirakçı kimi deyil, mütəxəssis kimi çıxış edirlər. Düşünürəm ki, bugünkü qalib komanda üzvləri də yaxın illərdə beynəlxalq və yerli tədbirlərdə usta qismində görkəmli rol oynayacaqlar."
Qeyd edək ki, Hadrutda keçirilən gənc energetiklərin innovasiya və ustalıq müsabiqəsinin qalibi Şuşa komandası olub. Yarışda ikinci yeri Lənkəran, üçüncü yeri isə Zaqatala və Ağsu komandaları bölüşüblər. Qaliblərə mükafatlar təqdim edilib.