Azərbaycan Çinin qida təhlükəsizliyi təşəbbüsünə qoşulub

Sağlamlıq
  • 15 oktyabr, 2025
  • 17:47
Azərbaycan Çinin qida təhlükəsizliyi təşəbbüsünə qoşulub

Azərbaycan Çinin təşəbbüsü ilə yaradılmış platformaya rəsmi olaraq qoşulub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Çinin Şanxay şəhərində bu ölkənin Baş Gömrük Administrasiyasının təşkilatçılığı ilə "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində İdxal və İxracda Qida Təhlükəsizliyi sahəsində Əməkdaşlığa dair Konfrans işə başlayıb.

50 ölkənin nümayəndə heyətinin təmsil olunduğu konfransda AQTA-nın Aparat rəhbəri Məmmədrəhim Nəcəfov və sədrin müşaviri Elxan Mikayılov iştirak edir. İki gün davam edəcək tədbirin əsas məqsədi "Bir kəmər, bir yol" təşəbbüsündə iştirak edən ölkələr arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın qurulmasıdır.

Tədbir çərçivəsində "Bir kəmər, bir yol" təşəbbüsünə daxil olan ölkələr üçün "İdxal və İxracda Qida Təhlükəsizliyi üzrə Əməkdaşlıq Mexanizminin Fəaliyyət Şərtləri" sənədi imzalanıb. Sözügedən platforma vasitəsilə iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açılıb. Sənədin məqsədi qida təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirmək, idarəetmə və tənzimləmə mexanizmlərinin qarşılıqlı anlaşılmasını təmin etmək, beynəlxalq qaydaların təkmilləşdirilməsini, həmçinin idxal və ixrac proseslərində qida təhlükəsizliyi risklərinin birgə aradan qaldırılmasını təşviq etməkdir.

Bu təşəbbüs, "Bir kəmər, bir yol" ölkələri arasında qarşılıqlı etimad, fayda və innovasiya prinsiplərinə əsaslanan əməkdaşlıq platformasının qurulmasına xidmət edir və qida təhlükəsizliyi üzrə effektiv informasiya mübadiləsi, fövqəladə hallara birgə reaksiya və qida ticarətinin təhlükəsiz inkişafını dəstəkləyir.

Son xəbərlər

Bütün Xəbər Lenti