"Azərreyl"in baş məşqçisi: "Optimal heyətlə oynaya bilmədiyimiz üçün Niderland klubuna uduzduq"

Komanda
  • 21 noyabr, 2025
  • 15:35
Azərreylin baş məşqçisi: Optimal heyətlə oynaya bilmədiyimiz üçün Niderland klubuna uduzduq

Kişilərdən ibarət "Azərreyl" komandası optimal heyətlə çıxış edə bilmədiyi üçün Niderlandın "Orion Stars" klubuna məğlub olub.

Bunu "Report"a açıqlamasında CEV Kubokunun 1/32 final mərhələsində mübarizəni dayandıran "Azərreyl"in baş məşqçisi Boris Qrebennikov deyib.

O, "Orion Stars"a hər iki görüşdə uduzmalarının səbəbini izah edib:

"Komanda bu turnirə avqust və sentyabr ayları ərzində yüksək səviyədə hazırlaşırdı. Yoxlama oyunlarında yaxşı çıxış etdik. Hazırlıq prosesi Çempionlar Liqası üçün optimal start heyətinin formalaşmasına imkan yaratdı. Lakin zalımızın təmirə bağlanması səbəbindən komanda hər gün məşq etmək üçün fərqli məkanlar axtarmağa başladı. Nəticədə planlar pozuldu. Səhərlər yalnız texniki yönümlü məşqlər etmək mümkün idi".

Mütəxəssis transferlə bağlı çətinliklərdən danışıb:

"Yanlışlıq səbəbindən əsas heyətin 6 üzvündən ikisi qarşılaşmalara buraxılmadı. Bundan əlavə, viza problemlərinə görə daha 3 əsas voleybolçunun xidmətindən yararlana bilmədik. Nəticədə komanda 5 rəsmi oyundan yalnız birində optimal heyətlə çıxış edib. Niderland təmsilçisi bizim üçün əlçatmaz rəqib deyildi. Təəssüf ki, istədiyimiz heyətlə çıxış etmədiyimizə görə uduzduq. Cavab matçında ümumiyyətlə əvəzedici heyətlə mübarizə apardıq".

B.Qrebennikov hədəflərdən söz açıb:

"Məqsəd məşq zalının bərpasından sonra məşqləri yüksək səviyyədə davam etdirməkdir. Bununla yanaşı, komandanın rəqabət qabiliyyətini artırmaq üçün heyətin optimallaşdırılması vacibdir. Bəzi oyunçular məşq intizamı və kollektiv davranışı ilə bağlı yanaşmalarını dəyişməlidirlər".

Qeyd edək ki, "Azərreyl" "Orion Stars" komandasına Bakıda 0:3, səfərdə isə 1:3 hesabı ilə məğlub olub.

Son xəbərlər

Bütün Xəbər Lenti