Cavid Abdullayev: "Azərbaycan enerji texnologiyalarını modernləşdirir"
- 21 noyabr, 2025
- 16:31
Azərbaycan 2030-cu və 2050-ci illər üzrə "yaşıl enerji" strategiyasına uyğun olaraq yeni stansiyalar, ötürmə xətləri və enerji texnologiyalarının modernləşdirilməsi üzərində intensiv şəkildə çalışır.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev "Yaşıl və Rəqəmsal İpək Yolu" beynəlxalq akselerasiya proqramının "Demo-Day" tədbirində bildirib.
Onun sözlərinə görə, "yaşıl enerji"yə keçid yalnız alternativ enerji istehsalı ilə məhdudlaşmır, həm də ölkənin enerji ötürmə sisteminin tam modernləşdirilməsini tələb edir: "Yeni stansiyaların tikintisi, mövcud enerji infrastrukturlarının yenilənməsi və ötürmə xətlərinin gücləndirilməsi Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindəndir".
C. Abdullayev qeyd edib ki, enerji strategiyası çərçivəsində yalnız daxili infrastruktur deyil, həm də beynəlxalq enerji bağlantıları gücləndirilir: "Artıq Xəzər hövzəsi, Avropa və Asiya ölkələri ilə enerji interkonnektorları üzrə real nəticələr əldə etmişik. Bu bağlantılar Azərbaycanın regional enerji qovşağı kimi rolunu daha da möhkəmləndirir".
Onun sözlərinə görə, yeni ötürmə xətti layihələri "yaşıl enerji"nin, xüsusilə külək və günəş enerjisinin xarici bazarlara ixracını artıracaq.
C. Abdullayev əlavə edib ki, enerji bağlantılarına dair bir sıra mühüm texniki və sənədləşmə prosedurları artıq yekunlaşıb və layihələr icra mərhələsinə keçib: "Son bir həftə ərzində əsas enerji interkonnektorları üzrə vacib razılaşmalar bağlanıb. Bu, ölkənin enerji sistemini həm modernləşdirəcək, həm də ixrac imkanlarını genişləndirəcək".