Azərbaycan yığmasının basketbolçusu: "İslamiadada məqsədimiz qızıl medal qazanmaqdır"
- 05 noyabr, 2025
- 12:34
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında əsas məqsədi qızıl medal qazanmaqdır.
Bu barədə "Report"a yığmanın üzvü Dina Ulyanova açıqlama verib.
36 yaşlı oyunçu turnirin qalibi olmaq istədiklərini söyləyib:
"Məqsədimiz qızıl medal qazanmaqdır. Biz İslamiadanın ikiqat çempionuyuq. Bu titulu qorumaq niyyətindəyik".
D.Ulyanova 3x3 basketbolun bütün ölkələrdə inkişaf etdiyini vurğulayıb:
"Bu səbəbdən hansısa komandanı xüsusi qiymətləndirməyəcəyəm. Düşünürəm ki, əsas məsələ özünə inanmaqdır. Hər kəsin şansı var. Qalib gəlmək üçün son saniyəyə qədər meydançada mübarizə aparmalısan. Basketbolun bu növündə hər şey tez dəyişə bilir. Buna görə qarşılaşma ərzində diqqətli olmaq lazımdır".
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 17-də və 18-də meydançaya çıxacaq. Komanda Fil Dişi Sahili, Səudiyyə Ərəbistanı və Türkiyə yığmaları ilə üz-üzə gələcək.