NTT rəsmisi: "Azərbaycan enerji və süni intellektdə tarazlıq yarada biləcək"
- 05 noyabr, 2025
- 14:37
Azərbaycan enerji və süni intellekt sahəsində qlobal miqyasda tarazlıq yarada biləcək strateji mövqeyə malikdir.
"Report" xəbər verir ki, bunu Yaponiyanın ən böyük və dünyanın aparıcı telekommunikasiya və texnologiya şirkətlərindən biri olan NTT ("Nippon Telegraph and Telephone Corporation") şirkətinin Baş kommersiya innovasiya rəhbəri Rika Nakazava "StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu 2025" tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan kiçik ölkə sayılsa da, qlobal miqyasda strateji və əhəmiyyətli mərkəz kimi önə çıxır: "Azərbaycan enerji baxımından zəngindir və bu, onun əsas üstünlüyüdür. Lakin gələcəyə baxanda, neft və qazla yanaşı, bərpa olunan və nüvə enerjisi də sürətlə inkişaf edir. 2023–2033-cü illər ərzində bu sahələrdə 90 % artım proqnozlaşdırılır".
R. Nakazava Azərbaycanın süni intellekt dövründə öz imkanlarını düzgün istiqamətləndirməsinin vacibliyini vurğulayıb: "Süni intellektin enerji tələbatı sürətlə artır. Bu baxımdan Azərbaycan mövcud enerji potensialından ağıllı şəkildə yararlanaraq regionun mühüm texnoloji mərkəzinə çevrilə bilər".
NTT rəsmisi əlavə edib ki, Azərbaycanın əsas üstünlüyü onun "yaşıl enerji" potensialında və yeni başlanğıc imkanlarında gizlidir: "Azərbaycan digər inkişaf etmiş ölkələr kimi məhdudiyyətlərlə üzləşmir. Bu, böyük üstünlükdür və yeni bir mərhələnin başlanğıcı ola bilər. Düzgün strategiya ilə Azərbaycan enerji və süni intellektin kəsişdiyi əsas regional mərkəzə çevrilmək potensialına malikdir".