Yozef Sikela: "Zəngəzur dəhlizi TBNM-i tamamlayacaq"

İnfrastruktur
  • 27 noyabr, 2025
  • 15:12
Yozef Sikela: Zəngəzur dəhlizi TBNM-i tamamlayacaq

Zəngəzur dəhlizi Cənubi Qafqaz və Mərkəzi Asiyada mövcud nəqliyyat əlaqələrini üzvi şəkildə tamamlaya bilər.

"Report"un məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) beynəlxalq tərəfdaşlıq üzrə komissarı Yozef Sikela Özbəkistanın "Gazeta.uz" nəşrinə müsahibəsində deyib.

"Aİ həmişə Transxəzər marşrutunu bir xətt kimi deyil, bir şəbəkə kimi görüb. Bu kontekstdə Zəngəzur dəhlizi mövcud əlaqələri tamamlaya bilər. Onun potensialı əlavə tranzit variantı təklif etmək, cari marşrutlara yükü azaltmaq və regional ticarətin ümumi dayanıqlığını artırmaqdadır. Mərkəzi Asiya üçün daha çox marşrut variantı daha çox sabitlik və dünya bazarlarına rəqabətli çıxış deməkdir", - Y.Sikela qeyd edib.

Komissarın sözlərinə görə, Transxəzər marşrutu mövcud dəhlizlərə rəqabətli alternativ olmaq üçün daha çox rəqəmsallaşmaya ehtiyac duyur: "Mərkəzi Asiya ölkələrinin hökumətləri bunu prioritetlərdən biri hesab edir və Aİ bu məqsədi tam dəstəkləyir".

Y.Sikela, həmçinin vurğulayıb ki, Aİ artıq marşrutun mövcud rəqəmsal alətlərini araşdırıb, boşluqları müəyyən edib və region ölkələrinin hökumətləri ilə ən çox fayda verəcək islahatları razılaşdırıb.

"Ready4Trade" (Mərkəzi Asiyada ticarəti stimullaşdırmaq məqsədi daşıyan Aİ tərəfindən maliyyələşdirilən regional layihə - red.) kimi proqramlar vasitəsilə ölkələrə kağız prosedurlardan rəqəmsal, proqnozlaşdırıla bilən sistemlərə keçməyə kömək edirik. Biz artıq mövcud rəqəmsal alətləri araşdırmışıq, boşluqları müəyyən etmişik və hökumətlərlə ən çox təsir göstərəcək islahatları razılaşdırmışıq. Növbəti addım elektron sertifikatlar, riskin idarə edilməsi alətləri və uyğun gömrük sistemləri kimi konkret həllərin tətbiqidir. Qısası, daha çox rəqəmsallaşma planlaşdırılır. Bu, gecikmələri azaltmağın, xərcləri aşağı salmağın və dəhlizin etibarlılığını artırmağın ən sürətli yollarından biridir", - o əlavə edib.

Y.Sikela, həmçinin son illərdə Orta Dəhlizin inkişafının əhəmiyyətli dərəcədə sürətləndiyini xüsusi vurğulayıb: "Biz marşrutdakı bütün ölkələrin aydın siyasi öhdəliyini və xüsusilə limanlara, yollara, rəqəmsallaşdırmaya və logistikaya investisiya axınını görürük. İnvestisiyalar daxil olmağa başlayıb. Əgər biz bu tempi qoruyub saxlasaq, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Avropa və Asiya arasında malların təxminən 15 gün ərzində daşınması üçün strateji alternativə çevrilə bilər".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev daha əvvəl bildirmişdi ki, Zəngəzur dəhlizi 2028-ci ilin sonuna qədər açıla bilər. Dəhlizin ötürücülük qabiliyyəti ildə 15 milyon ton yük təşkil edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti