Kiyevdə ilk Sanksiyalar sammiti işə başlayıb

Digər ölkələr
  • 27 noyabr, 2025
  • 19:50
Kiyevdə ilk Sanksiyalar sammiti işə başlayıb

Kiyevdə ABŞ, Böyük Britaniya və Avropa İttifaqı (Aİ) ölkələri də daxil olmaqla 21 dövlətin nümayəndələrinin iştirakı ilə ilk Sanksiyalar sammiti başlayıb.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, açılış mərasimində Aİ-nin Ukraynadakı səfiri Katarina Maternova bildirib ki, Rusiya tərəfi diplomatiyanı deyil, yalnız gücü anlayır, məhz buna görə də təsir göstərməyin ən səmərəli vasitələrindən biri sanksiyalar olaraq qalır.

Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə müşaviri Vladislav Vlasuk jurnalistlərə açıqlamasında bildirib ki, iki gün ərzində sammit iştirakçıları artıq tətbiq olunmuş tədbirlərin effektivliyini təhlil edəcək və Rusiyaya enerji, maliyyə və kriptovalyuta sxemləri kimi əsas sektorlarda təzyiqin gücləndirilməsi imkanlarını nəzərdən keçirəcəklər. Onun sözlərinə görə, Rusiya məhdudiyyətləri aşmaq üçün kriptovalyuta sxemlərindən istifadə edir.

Ukrayna Baş nazirinin müavini Yuliya Sviridenko maliyyə sanksiyalarının zəruriliyini vurğulayıb. O qeyd edib ki, kriptovalyuta və kölgə sxemləri vasitəsilə aylıq maliyyə axını milyardlarla dollar təşkil edir və bu, əks tədbirlərin işlənib hazırlanmasını tələb edir.

Aİ-nin sanksiyaların icrasına nəzarət üzrə xüsusi nümayəndəsi Devid O"Sallivan isə bildirib ki, qurumun 19 sanksiya paketi, eləcə də ABŞ, Böyük Britaniya, Kanada və Yaponiyanın məhdudiyyətləri artıq səmərə verir və Rusiyanın iqtisadiyyatına təsir edir. Onun sözlərinə görə, bu istiqamətdə iş davam etməlidir.

Sammitin nəticəsi olaraq beynəlxalq sanksiya koalisiyasının gücləndirilməsi üzrə əlavə planın hazırlanacağı, həmçinin Aİ-nin 20-ci sanksiya paketinə dair təkliflərin formalaşdırılacağı gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti