Yeni geosiyasi xəritə: Trampın Mərkəzi Asiya planında Azərbaycanın yeri

İnfrastruktur
  • 10 noyabr, 2025
  • 17:41
Yeni geosiyasi xəritə: Trampın Mərkəzi Asiya planında Azərbaycanın yeri

Noyabrın 6-da Vaşinqtonda Mərkəzi Asiya respublikalarının dövlət başçıları ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş ümumilikdə region üçün mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.

Bu barədə "Report"a "Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin rəhbəri, nəqliyyat eksperti İlqar Hüseynli bildirib.

Onun sözlərinə görə, Trampın təşəbbüsü ilə baş tutan bu görüş ABŞ-ın Mərkəzi Asiyaya artan maraqlarının göstəricisidir:

"Mərkəzi Asiya regionu həm Əfqanıstan, həm Rusiya ilə sərhədləri, həm də Xəzər dənizi vasitəsilə Azərbaycan, Cənubi Qafqaz və Türkiyəyə çıxış imkanları baxımından strateji əhəmiyyətə malikdir. Bu baxımdan Vaşinqton görüşü həm iqtisadi, həm də təhlükəsizlik aspektindən ciddi mesaj idi".

Ekspert qeyd edib ki, görüş zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin gələcəkdə bu formatda Azərbaycanın da iştirakını təklif etməsi diqqətəlayiq məqamdır.

"Bu, Azərbaycanın regionda artan çəkisinin və kommunikasiya layihələrindəki rolunun beynəlxalq səviyyədə qəbul edildiyini göstərir", - deyə o vurğulayıb.

İ. Hüseynli xatırladıb ki, Trampın iştirakı ilə keçirilən son görüşlər, o cümlədən Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə müzakirələr, bölgədə yeni siyasi və iqtisadi nizamın formalaşmasına yönəlib.

"Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı ABŞ şirkətləri tərəfindən 100 illik infrastruktur müqaviləsinin imzalanması bu regionda ABŞ maraqlarının güclənməsini göstərir. Bu layihə gələcəkdə Mərkəzi Asiya ilə Cənubi Qafqazı, Türkiyəni və Avropanı birləşdirən yeni kommunikasiya xəttinin formalaşmasına səbəb olacaq", - deyə İ.Hüseynli bildirib.

"Yeni İpək Yolu"nun bərpası və ABŞ maraqları

Ekspert hesab edir ki, Trampın təşəbbüsləri "Böyük İpək Yolunun" müasir mərhələdə yenidən canlandırılmasına xidmət edir:

"Layihə yalnız avtomobil yolları ilə məhdudlaşmır. Burada böyük dəmir yolu şəbəkələrinin – Bakı-Axalkalaki-Qars və İğdır üzərindən keçəcək yeni marşrutların - inteqrasiyası nəzərdə tutulur. Bu, regionda yüklərin daşınması sistemini köklü şəkildə dəyişəcək".

Onun fikrincə, ABŞ üçün bu, həm enerji və mineral resurslara çıxış, həm də nəqliyyat-kommunikasiya şəbəkələrinə nəzarət baxımından mühüm əhəmiyyət daşıyır:

"Belə bir nəhəng infrastrukturun mərkəzində olmaq ABŞ üçün strateji üstünlükdür. Eyni zamanda, bu, Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmlənməsi baxımından da əhəmiyyətlidir".

Azərbaycanın strateji mövqeyi və geosiyasi perspektivlər

İ.Hüseynli qeyd edib ki, Mərkəzi Asiyanın ixrac marşrutlarının Orta Dəhliz və Zəngəzur dəhlizi üzərindən keçməsi Azərbaycan üçün həm iqtisadi, həm də siyasi dividendlər yaradacaq:

"Bu, Azərbaycanın nəqliyyat qovşağı kimi rolunu möhkəmləndirəcək, ərazi bütövlüyünə əlavə təminatlar yaradacaq".

Bununla yanaşı, ekspert regiondakı geosiyasi balansın dəyişməsinin bəzi risklər də yarada biləcəyini bildirib.

İ. Hüseynli hesab edir ki, Trampın Mərkəzi Asiya siyasəti ABŞ-ın Avrasiya regionundakı uzunmüddətli maraqlarına uyğun planlaşdırılıb və bu kurs gələcək administrasiyalar tərəfindən də davam etdiriləcək:

"ABŞ-da siyasi hakimiyyət dəyişsə belə, bu cür strateji layihələr dövlət səviyyəsində prioritet olaraq qalacaq. Çünki söhbət həm regional təhlükəsizlikdən, həm də Çin üzərindən keçən böyük logistika sisteminin formalaşmasından gedir".

Ekspert əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın regiondakı təsirinin azalması Cənubi Qafqazda yeni geosiyasi nizamın formalaşmasını sürətləndirir:

"Rusiya iqtisadi və siyasi baxımdan mövqelərini itirməkdə davam edir. Bu proses Rusiyanın zəifləməsi ilə nəticələnərsə, o zaman bu, Cənubi Qafqazda sülhün möhkəmlənməsi üçün mühüm amilə çevrilə bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti