Aİ 2030-cu ilə qədər müdafiə hazırlığını əhəmiyyətli dərəcədə gücləndirəcək

Digər ölkələr
  • 09 sentyabr, 2025
  • 21:15
Aİ 2030-cu ilə qədər müdafiə hazırlığını əhəmiyyətli dərəcədə gücləndirəcək

Avropa İttifaqının kəşfiyyat xidmətlərinin hesablamalarına görə, Rusiya yaxın 3-5 ildə Avropanın hərbi imkanlarını və birliyini ciddi şəkildə sınaqdan keçirə bilər.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Strasburqda keçirilən mətbuat konfransında Avropa Komissiyasının icraçı vitse-prezidenti Henna Virkkunen bildirib.

Onun sözlərinə görə, məhz bu çağırışlara cavab olaraq müdafiə qabiliyyətinin və çəkindirmə qüvvələrinin gücləndirilməsinə yönəlmiş iddialı "Hazırlıq 2030" (Readiness 2030) paketi təqdim olunub.

Bir çox ölkələr bu gün elan edilən Aİ-nin 19 üzvü arasında vəsaitlərin bölüşdürülməsinə maraq göstərməklə yanaşı (Avstriya, Almaniya, İrlandiya, Lüksemburq, Malta, Hollandiya, Sloveniya və İsveçdən müraciət daxil olmayıb), birgə silah alışında iştirak etməyə hazır olduqlarını da bildiriblər ki, bu da Avropanın müdafiə sənayesi xərclərinin səmərəliliyini artıracaq.

Müdafiə və Kosmik komissar Andrius Kubilyusun sözlərinə görə, ən böyük məbləği Polşa (43,7 milyard avro), Rumıniya (16,7 milyard), Fransa və Macarıstan (hər biri 16,2 milyard) və İtaliya (14,9 milyard) alacaq.

Aİ-nin yeni büdcə layihəsində müdafiə və kosmosa xərclərin 5 dəfə artaraq 131 milyard avroya çatdırılması planlaşdırılır.

Vitse-prezident qeyd edib ki, SAFE həm də üzv dövlətlərə Rusiyanın qeyri-qanuni təcavüzündən müdafiədə Ukraynanı dəstəkləməyə imkan verir.