Su çatışmazlığı səbəbindən yaşayış yerlərini dəyişəcək insanların sayı açıqlanıb

İnfrastruktur
  • 10 sentyabr, 2025
  • 15:30
Su çatışmazlığı səbəbindən yaşayış yerlərini dəyişəcək insanların sayı açıqlanıb

2100-cü ilə qədər dünya üzrə 250 milyon insanın su çatışmazlığı və quraqlıq səbəbindən yaşadığı yerlərdən digər ərazilərə köçməsi gözlənilir.

"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Rövşən Kərimov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Qlobal iqlim dəyişikliyi: Azərbaycanda quraqlıq risklərinin idarəolunması" adlı panel müzakirələrində deyib.

Onun sözlərinə görə, insanlar su çatışmazlığına görə, məsələn, dağ yerlərindən düzən ərazilərə köç etmək məcburiyyətində qalırlar: "Belə ki, təsərrüfatlarda su olmadıqda gəlirlər azalır, bu da insanları daha münasib şərait axtarışına düşməyə sövq edir. Nə qədər qəribə səslənsə də, inkişaf etmiş ölkələrdə iqlim dəyişmələri səbəbindən insanlar daha çox köçürlər. Onların köçməsi özü də asan məsələ deyil. Amma həmin ölkələrdə onların köçmək üçün kifayət qədər vəsaiti olur".

O bildirib ki, Azərbaycan quraq ərazisi olan dünya ölkələrindədir: "Bir çox rayonlarda, o cümlədən Quba, Şabran, Siyəzən, Xızı, Samux, Ağsuda su çatışmazlığı ilə bağlı köçlər müşahidə olunur. Xüsisilə Quba rayonundan köçlər sürətlənir. Onların köçünün səbəbində xeyli qədər su amili, suyun çatışmazlığı rol oynayır. Qadınlar bu prosesdə çox əziyyət çəkirlər. Çünki onlar su işləri ilə daha çox məşğuldur. Su olmadıqda da daha uzaq məsafədən gedib su gətirirlər. Bu, onların qiymətli vaxtını alır, uşaqlara, öz təhsillərinə vaxt ayıra bilmirlər".