İƏT Orta Dəhlizin modernləşdirilməsini sürətləndirmək üçün investisiya fondunun yaradılmasını nəzərdən keçirir
- 05 noyabr, 2025
- 18:39
Geoiqtisadi rəqabətin artması fonunda Orta Dəhliz və Şimal-Cənub dəhlizi kimi nəqliyyat istiqamətlərinin inkişafı regional ticarətin genişləndirilməsi və əlaqəliliyin gücləndirilməsi nöqteyi-nəzərindən kritik əhəmiyyət kəsb edir.
Bunu "Report"a eksklüziv müsahibəsində İƏT-in baş katibi doktor Əsəd M.Xan deyib.
Onun sözlərinə görə, İƏT üzv ölkələr arasında koordinasiyanı təmin etməklə, uyğunlaşdırılmış standartları təşviq etməklə, eləcə də infrastrukturun inkişafı və tranzit prosedurlarının sadələşdirilməsi məsələləri üzrə dialoq platforması yaratmaqla bu təşəbbüslərin həyata keçirilməsinə fəal şəkildə kömək edir.
"Praktiki səviyyədə infrastruktur standartlarının uyğunlaşdırılması, texniki və ekspert görüşlərinin təşkili, habelə əsas marşrutların səmərəliliyinin artırılması üzrə pilot layihələrlə bağlı addımlar atılır", - Əsəd M.Xan deyib.
Baş katib əlavə edib ki, İƏT nəqliyyat dəhlizlərinin tikintisini və modernləşdirilməsini sürətləndirmək üçün regional fondlar, dövlət-özəl tərəfdaşlığı və inkişaf bankları ilə əməkdaşlığı əhatə edən birgə investisiya və maliyyə alətlərinin yaradılması imkanlarını nəzərdən keçirir.
"İƏT siyasi koordinasiya, texniki əməkdaşlıq və potensial birgə maliyyələşdirmə vasitəsilə bu dəhlizləri daha rəqabətqabiliyyətli, etibarlı və dayanıqlı etməyə, üzv ölkələrin ticarət inteqrasiyasını və iqtisadi sabitliyini gücləndirməyə çalışır", - Əsəd M.Xan vurğulayıb.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.