Qriqoryan: Biz ABŞ ilə TRIPP-in təfərrüatlarını müzakirə edirik və tezliklə praktik işə keçə biləcəyik
- 05 noyabr, 2025
- 19:30
Ermənistan hazırda ABŞ ilə TRIPP proqramının (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi - red.) təfərrüatlarını fəal şəkildə müzakirə edir və yaxın gələcəkdə praktiki işə başlana bilər.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvada keçirilən MDB Təhlükəsizlik Şurası katiblərinin 13-cü iclasında bildirib.
Onun sözlərinə görə, bu proqramın məqsədi təkcə Ermənistan və Azərbaycan arasında deyil, həm də digər MDB ölkələri ilə əlaqələr qurmaq, Ermənistan nəqliyyat marşrutlarının Avrasiya məkanı da daxil olmaqla daha geniş şəbəkələrə inteqrasiyasını təmin etməkdir.
"Layihə ticarət, logistika və insanların hərəkəti üçün yeni imkanlar açır, əlaqələrin möhkəmlənməsinə kömək edir. Bu da öz növbəsində təhlükəsizliyin təmin edilməsində mühüm amildir", - deyə A.Qriqoryan qeyd edib.