Con Brekeveldt: "Orta Dəhlizin əsas çətinliklərindən biri yüklərin Xəzərdən keçididir"

İnfrastruktur
  • 10 sentyabr, 2025
  • 13:12
Con Brekeveldt: Orta Dəhlizin əsas çətinliklərindən biri yüklərin Xəzərdən keçididir

Hazırda Orta Dəhliz ilə bağlı əsas çətinliklərdən biri yüklərin Xəzər dənizindən keçididir.

"Report" xəbər verir ki, bunu Belçikanın "Gosselin Group" şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə regional direktoru Con Brekeveldt Bakıda keçirilən "Qara dəniz-Xəzər logistika forumu 2025: dəhlizlər, yüklər, infrastruktur" adlı konfransda bildirib.

O qeyd edib ki, Azərbaycan bu istiqamətdə problemi çox yaxşı başa düşür: "Azərbaycan bu istiqamətdə işləyir və mühüm addımlar atır. Düşünürəm ki, hazırda Azərbaycan olmadan bütün Orta Dəhliz layihəsini həyata keçirmək mümkün deyil. Odur ki, Azərbaycan layihədə iştirak edən bütün ölkələri bir araya gətirməkdə və bu layihənin həqiqətən də lazım səviyyədə həyata keçirilməsində aparıcı qüvvə ola bilər".

Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə vasitəsilə Avropaya uzanan beynəlxalq nəqliyyat marşrutudur.

Rəsmi məlumatlara əsasən, 2024-cü ildə Orta Dəhlizlə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu göstəricinin 5,2 milyon tona yüksələcəyi proqnozlaşdırılır. Bunun 4,2 milyon tonu marşrut iştirakçısı ölkələrin ərazisindən keçəcək, 2,5 milyon tonu quru yüklərin (96 min TEU), 1,7 milyon tonu isə neftin payına düşəcək.

Proqnozlara görə, 2027-ci ilə qədər Orta Dəhlizin illik buraxılış qabiliyyəti 10 milyon tona çata bilər.