"Azərbaycan Dəmir Yolları" ABD ilə əməkdaşlıqda yeni mərhələyə keçir
- 05 dekabr, 2025
- 13:13
Azərbaycanın nəqliyyat sektorunun qovşaq kimi formalaşdığı dövrdə dekarbonizasiya layihəsi xüsusi əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin müdiri Turxan Əhmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu gün ADY üçün çox xüsusi gündür: "Bizim Asiya İnkişaf Bankı (ADB) ilə əməkdaşlığımız uzunmüddətlidir. Bu gün isə bu baxımdan xüsusi, yeni bir mərhələyə daxil oluruq. Bununla "Azərbaycan Dəmir Yolları"nın dekarbonizasiyası layihəsinin əsası qoyulur. Bu bizim üçün çox əhəmiyyətli bir layihədir. Bu layihənin qazanan tərəfləri sadəcə ADY və ADB deyil, digər maraqlı tərəflərdir".
O qeyd edib ki, Azərbaycanda dəmir yolların karbon ayaq izi elə də çox deyil: "Buna baxmayaraq, ADB layihənin həyata keçirilməsi ilə bağlı məhz "Azərbaycan Dəmir Yolları"nı seçib. ADY-nin dekarbonizasiya baxımından çox mühüm imkanları var. İstər bərpa olunan enerjinin inkişafı, əldə olunması baxımından, istərsə də enerji səmərəliliyi məsələlərinin daha da yaxşılaşdırılması baxımından imkanlar mövcuddur".
T.Əhmədov vurğulayıb ki, Azərbaycanın nəqliyyat sektorunun bir qovşaq kimi formalaşdığı dövrdə dekarbonizasiya layihəsinin tamamlanması nəticəsində ölkənin dəmir yolları daha səmərəli, daha ekoloji baxımdan təmiz və daha etibarlı dəmir yolu vasitəsinə çevriləcək.