ADY-nin dekarbonizasiyası üzrə hərtərəfli ilkin hesabat hazırlanır
- 05 dekabr, 2025
- 14:05
Asiya İnkişaf Bankı (ADB) dekabrın 11-nə qədər "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə dekarbonizasiya layihəsi üzrə ilkin hesabat təqdim etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə ADB-nin qrup rəhbəri və enerji məsələləri üzrə mütəxəssisi Kanbin Çjen ADY ilə birgə layihəyə həsr olunmuş təqdimat və seminarda bildirib.
Onun sözlərinə görə, ilkin hesabata mühəndis layihələndirməsi üçün texniki əsaslar, enerji şəbəkəsinə inteqrasiya variantları və icra parametrləri daxil ediləcək. ADB sahə müşahidələri və tədqiqatlar aparmağı, depolara, yarımstansiyalara, stansiyalara, yük meydançalarına, logistik hablara və şəbəkə bağlantısı nöqtələrinə baş çəkərək əməliyyat məlumatları toplamağı planlaşdırır.
K. Çjen qeyd edib ki, ADB ADY-nin gələcək xidmət həcmlərini proqnozlaşdırmalı, enerji istehlakını, karbon emissiyalarının strukturunu qiymətləndirməli və şirkətin dekarbonizasiyası üçün praktik strategiyanı müəyyən etməlidir.
"Biz sistemli yanaşma tətbiq etmək niyyətindəyik, çünki dəmir yolu nəqliyyat sektorunun mühüm elementidir və milli iqlim öhdəliklərinin yerinə yetirilməsində vacib rol oynayır. Buna görə də bizim işimiz ADY-nin korporativ səviyyəsindən kənara çıxır. Biz həmçinin proqram yanaşmasına uyğun hərəkət etmək - yetkin və sınaqdan çıxmış texnologiyalar tətbiq etmək, onları Azərbaycanın reallıqlarına uyğunlaşdırmaq istəyirik", - ADB-nin nümayəndəsi əlavə edib.
K.Çjen vurğulayıb ki, texniki yardım çərçivəsində ADB ən azı 17 təhlil istiqamətindən istifadə etmək niyyətindədir.
"Biz modelləşdirmə və simulyasiya metodları, həssaslığın təhlili, xərclərin və investisiyaların müqayisəsi, eləcə də beynəlxalq bençmarkların Azərbaycanda ADY-nin səyləri ilə həyata keçirilə biləcək investisiya proqramı və layihənin işlənib hazırlanmasına optimal yanaşmanı müəyyən etməkdə necə kömək edə biləcəyini öyrənməyi planlaşdırırıq", - o qeyd edib.