AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb
- 09 oktyabr, 2025
- 09:36

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən "biletim.az" portalı vasitəsilə onlayn qaydada 584 294 bilet əldə edilib.
Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Ötən ilin 9 ayında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 19,5 % idisə, bu ilin eyni dövründə bu rəqəm 33 %-ə çatıb. Bu da onu göstərir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır və səfərlərini reallaşdıran zaman onlayn bilet alışına daha çox üstünlük verirlər.
Qeyd edək ki, "biletim.az" portalında 56 şəhər və rayona, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 341 reys olmaqla 389 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.