Assosiasiya sədri: "Tikintiyə icazə almaq mürəkkəb və bürokratik prosesdir"

İnfrastruktur
  • 02 oktyabr, 2025
  • 17:22
Assosiasiya sədri: Tikintiyə icazə almaq mürəkkəb və bürokratik prosesdir

Azərbaycanda tikinti sektorunu tənzimləyən qanunvericilik bazası son onillikdə yenilənsə də, hələ də mühüm boşluqlar mövcuddur.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin (ATİA) sədri Ramiz İsayev bildirib.

Onun sözlərinə görə, şəhərsalma və tikinti, dövlət satınalmaları, əmlakın qeydiyyatı sahələrindəki çatışmazlıqlar həm iqtisadi inkişafa, həm də hüququn aliliyinə mənfi təsir göstərir: "Bu boşluqların aradan qaldırılması üçün konkret maddələr üzrə dəyişikliklərə, normativ-texniki sənədlərin təkmilləşdirilməsinə, eləcə də institusional islahatlara ehtiyac var. Şəhərsalma-tikinti icazələrinə, dövlət nəzarətinə və təhlükəsizlik məsələlərinə bir neçə qurum baxır, lakin koordinasiya zəifdir, qərarvermə mexanizmləri ləng işləyir".

ATİA sədrinin sözlərinə görə, şəffaf torpaq-kadastr və planlaşdırma məlumatlarının məhdudluğu, şəhərsalma qərarlarının (detal planları, tikinti sıxlığı, funksional zonalaşma) ictimai açıq məlumat bazalarında tam və daimi şəkildə mövcud olmaması layihə risklərini artırır.

R. İsayev qeyd edib ki, daşınmaz əmlakın qeydiyyatı və kadastr sahəsində uzun illər yığılıb qalmış problemlər qalmaqdadır: "Ən böyük boşluqlardan biri çoxlu sayda sənədsiz evlərin və torpaq sahələrinin olmasıdır. Son illərdə torpaqların təyinatı ilə bağlı bürokratik əngəllər səbəbindən inşa edilmiş yaşayış binalarının və sənaye müəssisələrinin hüquqi statusu hələ də həll olunmayıb".

Onun sözlərinə görə, tikinti icazəsi üçün tələb olunan sənədlər paketi kifayət qədər mürəkkəbdir: "Fərdi qaydada ev tikmək istəyən vətəndaş belə peşəkar memar və mühəndislərin xidmətinə ehtiyac duyur. Layihənin sənədlərinin hazırlanması, geoloji araşdırmaların aparılması həm maliyyə baxımından, həm də vaxt baxımından çətindir. Xüsusilə çoxmərtəbəli bina və sənaye obyektləri üçün tələb olunan dövlət ekspertizası əlavə sənədləşmə və qiymətləndirmə şərtləri ilə müraciətçilər üçün ciddi bürokratik maneəyə çevrilir".

Son xəbərlər

Bütün Xəbər Lenti