ADY sədrinin müavini: "Gəncə-Mingəçevir-Ağstafa marşrutun açılışı dəmir yolları üçün əlamətdar hadisədir"
- 26 sentyabr, 2025
- 12:22

Gəncə-Mingəçevir-Ağstafa marşrutun açılışı dəmir yolları üçün əlamətdar hadisədir.
"Report"un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müavini Arif Ağayev Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişindaşımanın başlanmasına həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, ilk dəfə Bakıdan kənarda – regionlararası müasir qatarla səfərlərə başlanılır: "Bildiyiniz kimi, mövcud rayonlararası marşrutların, daha dəqiq desəm, Bakı-Qazax-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı istiqamətlərinin giriş və çıxış nöqtələri paytaxt Bakıdır. Bu gün isə biz, necə deyərlər, bu ənənəni pozaraq bir yeniliyə imza atmışıq".
O, daha bir ilk kimi uzun illərdən sonra Mingəçevirə dəmiryol nəqliyyatının bərpasını da qeyd edib: "Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində müasir, komfortlu elektrik qatarları ilə Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək. Bu marşrutdan Mingəçevirlə yanaşı, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa sakinləri də istifadə edə biləcəklər. Bu marşrut istifadəyə verilməzdən öncə təhlükəsiz və fasiləsiz səfərlərin təmin edilməsi məqsədilə dəmir yollarının Mingəçevir sahəsində yenidənqurma işləri həyata keçirilib. Mingəçevir şəhər stansiyasının binası əsaslı təmir edilib".