Deputat: Azərbaycan beynəlxalq hüquq çərçivəsində davamlı sülh tərəfdarıdır
- 26 sentyabr, 2025
- 18:26

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış Azərbaycanın haqlı mövqeyinin bir daha dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxış yalnız keçmiş münaqişənin nəticələrinin deyil, həm də post-münaqişə dövründə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin və beynəlxalq ictimaiyyətdən gözləntilərinin açıq və qətiyyətli şəkildə ifadəsi idi.
Bunu "Report"a açıqlamasında deputat Fatma Yıldırım bildirib.
Onun sözlərinə görə, ölkə başçısının BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı "Böyük Qayıdış" proqramına toxunması azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin miqyasını və sürətini bir daha göstərib:
"Azərbaycan nəinki dağıdılmış şəhərləri bərpa edir, eyni zamanda, dayanıqlı inkişaf və müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış mühitləri yaradır. Bu, dünyanın nadir post-münaqişə yenidənqurma nümunələrindən biri olaraq tarixə düşür".
F. Yıldırım qeyd edib ki, prezidentin çıxışında xüsusi olaraq itkin düşmüş 3900-dən çox vətəndaşımızın taleyinin aydınlaşdırılması məsələsinə toxunması da həm siyasi, həm də mənəvi baxımdan olduqca vacibdir:
"Bu insanların taleyinə aydınlıq gətirilməsi təkcə ailələrinin deyil, bütün cəmiyyətin ədalət gözləntisinin yerinə yetirilməsidir. Ermənistan bu istiqamətdə də beynəlxalq hüquq qarşısında cavabdehlik daşıyır.
Cənab prezidentin çıxışı, eyni zamanda, bir sülh mesajı idi. Azərbaycan qalib dövlət olaraq revanşist yanaşmadan uzaq, beynəlxalq hüquq çərçivəsində davamlı sülh tərəfdarıdır. Lakin bu sülh yalnız real öhdəliklər və qarşılıqlı hörmət əsasında mümkündür. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olduğu müddətcə bu ölkənin sülh istəyindən danışmaq mümkünsüzdür. Prezident İlham Əliyev bu məsələni qətiyyətlə gündəmə gətirdi və bu da sülh danışıqları üçün sağlam hüquqi zəmindir".