ADSEA: Tam sayğaclaşdırma suyun səmərəli istifadəsini təmin edəcək
- 01 oktyabr, 2025
- 13:01

Azərbaycanda tam sayğaclaşdırmanın həyata keçirilməsi suyun səmərəli istifadəsini təmin edəcək.
"Report' xəbər verir, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Elm və İnnovasiyalar sektorunun müdiri Əliağa Əzizov Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə (BCAW2025) bildirib.
Onun sözlərinə görə, Azərbaycanda içməli su və suvarma infrastrukturunda itkilər və sızmalar mövcuddur: "Milli Su Strategiyasının hədəflərindən biri 2040-cı ilə qədər bu itkilərin minimuma endirilməsidir".
Ə. Əzizov onu da deyib ki, bütün içməli su sistemlərində 100 % su sayğaclarının quraşdırılması planlaşdırılır: "Su infrastrukturundakı mövcud çatışmazlıqları aradan qaldırmaq üçün hərtərəfli tədbirlər görüləcək. Sayğaclaşdırmanın tam həyata keçirilməsi həm istifadəçilərin su istehlakını izləməsinə imkan verəcək, həm də itkilərin azaldılmasına töhfə verəcək. Bu, suyun səmərəli istifadəsini təmin etməklə yanaşı, su təhlükəsizliyinin gücləndirilməsinə də xidmət edəcək".
Agentlik nümayəndəsi əlavə edib ki, su itkilərinin azaldılması və tam sayğaclaşdırma uzunmüddətli hədəflərin əsas elementlərindən biridir və bütün tədbirlər 2040-cı ilə qədər davam edəcək.