TDT ölkələri Xəzər dənizi ilə bərə əlaqəsinin həyata keçirilməsini razılaşdırıblar
- 01 oktyabr, 2025
- 14:29

Türk Dövlətləri Təşkilatının (TDT) nəqliyyat nazirləri bu gün Almatıda keçirilən VIII görüşdə üzv ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlıqla bağlı əsas məsələləri və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafını müzakirə ediblər.
"Report"un Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüş TDT-nin baş katibi və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın nəqliyyat idarələrinin rəhbərlərinin iştirakı ilə keçirilən "New Silk Way" VII beynəlxalq nəqliyyat-logistika biznes forumu çərçivəsində keçirilib.
"İclasda TDT-yə üzv ölkələr arasında nəqliyyat əməkdaşlığının inkişafı ilə bağlı əsas məsələlər müzakirə edilib. TBNM-in inkişafına, rəqəmsal texnologiyaların və elektron tranzit prosedurların tətbiqinə xüsusi diqqət yetirilib", - məlumatda qeyd olunur.
Dəniz daşımalarının daha da inkişafı üçün nazirlər Xəzər dənizi ilə daşımaların artırılması, yükləmə qurğularının tikintisi və bərə əlaqəsinin başladılması təşəbbüslərini dəstəkləyiblər. Bunun üçün TDT ölkələrinin aidiyyəti qurumlarının iştirakı ilə ekspertlərin görüşünün keçirilməsi planlaşdırılır.
"Həmçinin Bakı-Tbilisi-Qars marşrutunun istifadəsi də daxil olmaqla, müntəzəm blok-qatarların təşkilində dəmir yolu idarələrinin səylərinə dəstək təsdiqlənib. Tərəflər nəqliyyat proseslərini rəqəmsallaşdıracaq. E-Permit, e-TIR və e-CMR elektron sistemlərinin tətbiqinin sürətləndirilməsi ilə bağlı razılıq əldə edilib", - məlumatda deyilir.
İştirakçılar qeyd ediblər ki, əldə edilmiş razılaşmalar regional əlaqələrin gücləndirilməsi, ticarətin inkişafı və dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni perspektivlər yaradır.
Görüşün sonunda tərəflərin nəqliyyat sahəsində əməkdaşlığın gələcək inkişafı barədə razılaşmalarını əks etdirən yekun Bəyannamə imzalanıb.
TDT ölkələrinin nəqliyyat nazirlərinin IX görüşü 2026-cı ildə Qırğızıstanda keçiriləcək.