Komitə: Gəncə Memorial Kompleksində Ermənistanın hərbi təcavüzünün nəticələri əks olunub

İnfrastruktur
  • 29 sentyabr, 2025
  • 16:14
Komitə: Gəncə Memorial Kompleksində Ermənistanın hərbi təcavüzünün nəticələri əks olunub
Ramil Cahangirov

Gəncə Memorial Kompleksinin əsas mərkəzi elementi muzey binasıdır.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bina xüsusi memarlığa malikdir: "Təməli 2022-ci ilin yanvar ayında Prezident İlham Əliyev tərəfindən qoyulan Gəncə Memorial Kompleksi 2020-ci ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən raket zərbələrinə məruz qalmış ərazilərin birində inşa edilib. Əsas mərkəzi elementi muzey binası olan kompleksin ərazisi 4 hektarı əhatə edir. Xüsusi memarlığa malik muzey binası spiralvari formada layihələndirilib və raketin yerdə buraxdığı izi, krateri simvolizə edir. Muzey binası aypara formalıdır. Onun ümumi sahəsi 2 400 kvadratmetr təşkil edir və 2 mərtəbədən ibarətdir".

O bildirib ki, muzey binasının əsas hissəsini sərgi zalı təşkil edir: "Bu sərgi zalında Azərbaycan xalqına qarşı cinayətləri əks etdirən ekspozisiya təşkil olunub. Ekspozisiyanın bir neçə bölməsi var. Birinci bölməsində XX əsrin əvvəlində törədilən hadisələr, 1905-1906-cı il qırğınları, həmçinin 1918-ci il mart soyqırımı və bununla yanaşı 1948-1953-cü illərdə qərbi azərbaycanlıların doğma torpaqlarından deportasiyasını əks etdirən faktlar işıqlandırılır. Növbəti zalda isə 1987-ci ildən başlayaraq həyata keçirilən deportasiya, Qərbi Azərbaycanın etnik təmizlənməsinin davam etdirilməsi və başa çatdırılması, həmçinin məcburi köçkünlük mövzuları işıqlandırılır. Qarabağ və Şərqi Zəngəzurda məcburi köçkün düşmüş insanların 90-cı illərin əvvəllərində köçkün düşərgələrində olduqları anları əks etdirən fotoşəkillər nümayiş etdirilir".

Komitə rəsmisi növbəti zonada Ermənistanın hərbi təcavüzü nəticəsində mülki əhaliyə qarşı törədilən qətliamlar, qırğınların öz əksini tapdığını diqqətə çatdırıb: "Xüsusi xronoloji lent vasitəsilə bütün o hadisələrin tarixləri və fəsadları ilə tanış olmaq olar. Bu zonanın xüsusi bir hissəsi Xocalı soyqırımına həsr olunub və orada Xocalı soyqırımına aid videofaktlar öz əksini tapır. Eyni zamanda xüsusi installasiyalar, barelyeflər də həmin zonada mövcuddur. Bundan sonrakı zonada artıq 21-ci əsrə aid olan faktlar öz əksini tapır. Atəşkəs dövründə və həmçinin Vətən müharibəsi dövründə törədilən cinayətlər, bundan əlavə antiterror əməliyyatından öncə törədilmiş mina terroru barədə faktlar da göstərilir. Bu zalın xüsusi bir guşəsi sırf Gəncə hadisələrinə həsr olunub. Gəncə terroruna məruz qalmış, sağ çıxmış üç uşağın müsahibəsini həmin zalda izləmək olar. Həmçinin bu zalda da xüsusi bir installyasiya mövcuddur. Bununla yanaşı artıq növbəti zalda önəmli olan digər mövzular - itkin düşənlər mövzusu, kütləvi məzarlıqlar mövzusu, həmçinin mina terroru mövzuları işıqlandırılır. Burada da xüsusi faktlar öz əksini tapır".

Nəhayət, muzeyin son hissəsində qaranlıqdan işığa doğru bir keçidin ziyarətçilərə təqdim edildiyini deyən R. Cahangirov bildirib ki, burada Ulu Öndərin dövründə məcburi köçkünlərə göstərilən diqqət və qayğı, onun məcburi köçkünlərlə müntəzəm görüşlərinə dair fotoşəkillər nümayiş etdirilir: "Burada eyni zamanda Vətən müharibəsinin xronologiyası təqdim olunur. Üçrəngli bayrağımızın Azərbaycanın torpaqlarında qaldırılması faktları, 2023-cü il antiterror əməliyyatı və suverenliyin bərpası mövzuları da bu zalda geniş işıqlandırılır. Orada həmçinin ziyarətçilər xüsusi videoçarx vasitəsilə Azərbaycan xalqının tarixindəki şanlı səhifələrə dair materialları izləyə biləcəklər".

Kompleksin açıq sahəsində isə ayrıca bir ekspozisiya yaradılıb.

Komitə rəsmisi qeyd edib ki, burada Ermənistanın raket zərbəsi nəticəsində dağıdılmış yaşayış binalarının və infrastruktur obyektlərinin orijinal qalıqları ziyarətçilərə təqdim olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti