2040-cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU-ya yüksələcək

İnfrastruktur
  • 05 sentyabr, 2025
  • 17:48
2040-cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU-ya yüksələcək
Bəxtiyar Hacıyev

2040-cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU-ya yüksələcək. 

"Report"un Zəngilana ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, artan ticarət əlaqələri Orta Dəhlizin strateji rolunu daha da gücləndirir və bu marşrut üzrə yükdaşımaların həcmi ildən-ilə artmaqdadır: "Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) proqnozlarına əsasən, 2030-cu ilə qədər Orta Dəhliz üzrə daşımaların həcmi 11 milyon tona, 2040-cı ilə qədər isə konteyner tutumu 865 min TEU-ya yüksələcək. Bu baxımdan, Orta Dəhlizin mühüm qolu olan Zəngəzur dəhlizinin ("Tramp marşrutu") açılması xüsusi əhəmiyyət kəsb edir".

O qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Orta Dəhlizin deyil, həm də "Şimal–Cənub" nəqliyyat dəhlizinin mühüm tamamlayıcı hissəsi kimi çıxış edir: "Hindistan və İrandan gələn yüklərin Azərbaycan üzərindən şimal istiqamətinə daşınmasında bu dəhliz əlavə imkanlar yaradır. Belə ki, İrandan daxil olan yüklər Naxçıvan üzərindən Türkiyəyə, oradan isə Şimali Avropaya yönləndirilə bilər".