Köpükdən yaranan sənət əsərləri - strafor emalatxanasından REPORTAJ
- 17 sentyabr, 2025
- 12:38

Əyləncə məkanlarında, küçədə, müxtəlif tədbirlərdə gördüyümüz kreativ dekorlar, fiqurlarla hər gün rastlaşsaq da, onların hansı zəhmətin məhsulu olduğunu bilmirik.
Mən də bilmirdim, ta ki "ağ köpük"ün - strafor materialın ustaların əlində sənət əsərinə çevrildiyini görənədək...
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəyik - özünəməxsus qoxusu, xışıltılı səsi ilə ideyaların reallığa çevrildiyi emalatxanada.
İçəri daxil olan kimi bizi müxtəlif formalı heykəllər qarşıladı. Çoxmərtəbəli fəvvarə maketi, balıq fiquru, cizgi film qəhrəmanları, ətrafa səpələnmiş kəsik parçalar buradakı canlı iş mühitindən xəbər verirdi. Bir azdan həmin sadə parçalar bir mağaza lövhəsinə çevriləcək, evləri bəzəyəcək və ya bir maketin incə detallarını təşkil edəcək.
Bəlkə də "strafor" sözü bir çox insana yad gəlir. Bu, polistren və penoplast materiallardır. Xüsusi üsulla buxarla şişirilir və köpükləndirilir. Yüngüldür, içərisi xırda dənəciklərdən ibarətdir. Rəngi isə ağdır. Ona görə də bəzən "ağ köpük" adlandırılır.

Bu, sadəcə iş deyil, yaradıcılıqdır
Emalatxanada iş dizaynerin yaradıcılığından başlayır, rəssamın boyalı əlləri ilə bitir. İşin detallarını öyrənmək üçün dizayner Nahid Eminov ilə söhbət etdik. O dedi ki, Azərbaycanda bu işə maraq ilbəil artır:
"Daha çox reklam və dekorasiya işlərində istifadə edilir. Lakin strafor tikinti işlərində də istifadə olunan əsas materiallardan biridir. Strafor kəsim işi çox qədim sahə də deyil. Bu, incəsənət növündə "yaradıcılıq danışır".
N.Eminov bildirdi ki, sifariş daxil olan kimi dizayner öncə dekorun eskizini hazırlayır və kəsim üçün dəzgaha göndərir. Bundan sonra işin ən maraqlı tərəfi başlayır. Dəzgahda kəsim işləri bir neçə yolla aparılır. Kompüterlə xüsusi proqram vasitəsilə eskizə uyğun olaraq kəsim aparılır. Bundan başqa, ustalar əl alətləri ilə də kəsimlərdən istifadə edirlər.

Maket formaya salındıqdan sonra üstü gəclə hamarlanır. İşin sonuncu mərhələsini rəssam yerinə yetirir. Emalatxanada onun masasında boyalar, yapışqanlar, müxtəlif alətlər gözə dəyir. Rəssam kəsilmiş hissələri boyayaraq materiala can verir.
Səs-küylü emalatxananın səssiz qəhrəmanları
Heykəltaraş Zaur Ağayevin başı işinə qarışıb. Onunla söhbət etmək üçün əvvəlcə əlindəki işi bitirməyini gözləyirik. Söhbətə başlayanda isə "Bu iş, yəqin, böyük səbir tələb edir", - deyə soruşdum. O isə gülərək dedi:
"Səbir, bəli, lazımdır. 36 yaşım var və 10 ilə yaxındır bu sahədəyəm. İşimi sevirəm. Əgər əksi olsa, o zaman biz yaradıcı iş ortaya qoya bilmərik. Hər gün yeni ideyalarla qarşılaşıram. Standart iş olsa, bəlkə də bezərdik".

Heykəltaraş 10 illik təcrübəsinə dayanaraq strafor kəsim sahəsinin ağır və ya təhlükəli bir iş olmadığını bildirdi:
"Hər hansı bir işə ölçüsündən asılı olaraq bir ay da vaxt sərf edə bilərik, bir saat da. Bu, dülgərlik işi deyil. Dülgər taxta ilə işləyəndə istədiyi kimi kəsim edə bilir, lakin penaplas yumşaq material olduğu üçün onunla işləmək daha çətindir".
Strafor ustası bir günə nə qədər qazana bilər?
Ustaların sözlərinə görə, Azərbaycan strafor sahəsindən ən səmərəli istifadə edən ölkədir. Son illərdə gənclərin bu işi öyrənməyə həvəsli olduğunu deyirlər. Bu peşədə qazanc da maraqlı ola bilər. Belə ki, işin həcmi və çətinliyindən asılı olaraq, usta 20 manat da qazana bilər, 1000 manat da.

Emalatxananın bir küncündə əyləşən və bütün diqqətini işə ayıran bir usta nəzərimizdən qaçmadı. O, 34 yaşlı Orxan Allahverdiyevdir. Əllərində ağ strafor parça var - iti bıçaqla onu formaya salır. Ətrafa qırıntılar səpələnib. Onun əlindəki parçadan bir azdan bir sənət əsəri yaranacaq.
Yanında "Tom və Jerry" personajlarının fiqurları var. Həmin fiqurların nə qədər müddətdə hazırlandığını soruşduq. O isə bunların bir günə hazırlandığını dedi.
Köpükdən sənət dünyasına
Nəhayət, "əlinizə sağlıq" deyib ustalarla sağollaşdıq.

Emalatxanada ikən bizim də əmin olduğumuz bir şey var idi - ən kövrək material belə peşəkar əllərdə şah əsərə çevrilə bilər. Bu əsərlərin arxasında isə görünməyən qəhrəmanlar dayanır. Onların əziyyətlə ərsəyə gətirdikləri bu fiqurlar artıq gözümüzdə cansız heykəllər yox, özündə böyük zəhmət danışan əsərləridir.