LSE: Azərbaycanda "ağıllı şəhər" layihələrinin uğurunu vətəndaşların iştirakı təmin edib
- 17 oktyabr, 2025
- 16:13

Azərbaycanda "ağıllı şəhər" layihələrinin uğurlu olmasında həlledici amil vətəndaşların onların formalaşması prosesində fəal iştirakı olub.
"Report" xəbər verir ki, bunu London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) insan coğrafiyası və ətraf mühit üzrə elmi işçisi Din Şarp (Deen Sharp) Bakıda keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.
Onun sözlərinə görə, Bakıda həyata keçirilən innovasiyalar Qarabağda tətbiq olunan layihələrlə müqayisədə tamamilə fərqli miqyas və alətlərə malikdir: "Lakin həm paytaxtda, həm də bərpa olunan rayonlarda əsas məsələ eyni olaraq qalır. Bu insana yönəlmiş şəhərlərin yaradılmasıdır".
D.Şarp qeyd edib ki, "ağıllı şəhər"lər konsepsiyası üç fundamental prinsip üzərində qurulub: "Birincisi, "ağıllı şəhər"lər yerli reallıqlara inteqrasiya olunmalıdır. İkincisi, onların başa düşülməsi asan olmalıdır. Üçüncüsü - xüsusilə vacib olan - onlar insanlara yönəlmiş olmalıdır. Diqqət mərkəzində isə insan durmalı, sonra isə texnologiyalar".
O əlavə edib ki, "ağıllı şəhər"lər təkcə texnologiyalar və səmərəliliyin artırılması ilə bağlı deyil: "Bu, ilk növbədə, bələdiyyələrin daha düşünülmüş qərarlar qəbul etmək imkanlarının genişləndirilməsidir. Məsələn, harada, nə vaxt və necə hərəkət etmək lazımdır. Ən əsası isə adi şəhər sakininin həyatının yaxşılaşdırılmasıdır".
D.Şarp vurğulayıb ki, Azərbaycanda "ağıllı şəhər" layihələrinin həqiqətən uğurlu olduğu hallarda həlledici amil məhz vətəndaşların fəal iştirakı və qərar qəbulu prosesinə onların cəlb edilməsi olub.
"Bu, bütün "ağıllı şəhər"lər konsepsiyasının əsası olub. Buraya insanlarla birlikdə və insanlar üçün yaradılmış şəhərlər daxildir", - o bildirib.