Fariz İsmayılzadə: "ICPC sayəsində universitetlər arasında əməkdaşlıq memorandumları imzalana bilər"

İKT
  • 04 sentyabr, 2025
  • 15:14
Fariz İsmayılzadə: ICPC sayəsində universitetlər arasında əməkdaşlıq memorandumları imzalana bilər

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı sayəsində universitetlər arasında əməkdaşlıq memorandumları imzalana bilər.

"Report" xəbər verir ki, bunu deputat, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə "ICPC Dünya Finalı 2025"ə həsr olunmuş mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, əməkdaşlıq memorandumları hesabına tələbə mübadiləsi həyata keçirilə bilər: "Bu müsabiqə sayəsində müəllimlər arasında mübadilə, birgə elmi araşdırmalar ola bilər. Eyni zamanda, birgə konfransların keçirilməsi də mümkündür. Yəni bu platforma universitetlər arasında əməkdaşlığa imkanlar açır. Universitetlərin banklarla, texnoloji şirkətlərlə birgə layihələrin müzakirəsi, birgə laboratoriyaların yaradılması, elmi araşdırmalarının aparılması üçün də imkanlar açılır. Hesab edirəm ki, bu son 4-5 gündə aparılan danışıqlar, məhsuldar nəticələr verəcək, memorandumlar və birgə layihələr gələcəkdə həyata keçiriləcək".

O qeyd edib ki, ölkədə İT sahəsində maddi-texniki baza gücləndikcə, beynəlxalq yarışlarda iştirak edən Azərbaycan komandalarının da nəticələri yaxşılaşır: "Bu il iki Azərbaycan komandası ICPC Dünya Finalında iştirak hüququ qazanıb. Bu artıq müsbət dinamikanın göstəricisidir. Ümid edirik ki, gələcək illərdə Azərbaycan komandalarının sayı artacaq".