Sinif yoldaşının ölümündə təqsirləndirilən məktəbliyə hökm oxunub
- 21 oktyabr, 2025
- 11:40

Futbol oynayarkən ehtiyatsızlıqdan sinif yoldaşının ölümünə səbəb olmaqda təqsirləndirilən İ.M-ya hökm oxunub.
"Report" un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə o, 9 il müddətə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxsin vəkili məhkəmədə çıxışı zamanı bildirib ki, müvəkkili zərərçəkmiş tərəfə barışıq təklif etsə də, qarşı tərəf bununla razılaşmayıb:
"Onlar sinif yoldaşı olub, hadisə futbol oynayan zaman baş verib. Müvəkkilimin sinif yoldaşını öldürmək fikri olmayıb. Oyun zamanı aralarında mübahisə baş verib. İ.M sinif yoldaşına yumruq vurub. O, huşunu itirib, daha sonra ayılıb. Hadisədən bir neçə gün sonra ölüb. Müdafiə etdiyim şəxs affekt vəziyyətində olub. Müvəkkilimə cəza həddindən aşağı, şərti cəza verilməsini xahiş edirəm".
Qeyd edək ki, təqsirləndirilən İ.M Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.