Astarada narkotiklərin satışını təşkil etməkdə şübhəli bilinən şəxs həbs olunub
- 31 oktyabr, 2025
- 13:08
 
                            
                            
                        Əvvəllər insan alveri cinayətlərində təqsirləndirilərək məhkum olunmuş şəxs 27 kiloqram narkotik vasitə ilə saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitənin Astara rayonunda qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Tədbir zamanı əvvəllər insan alveri cinayətlərində təqsirli bilinərək məhkum olunmuş 36 yaşlı Fəxrəddin Xurşidov saxlanılıb. Ondan tərkibinə zərərli maddələr əlavə edilmiş 27 kq marixuana aşkarlanıb.
Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisində narkotiklərin satış və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. F.Xurşidovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
