Siyasət Əsgərov: "DÇ-2027-nin seçmə mərhələsində ən çətin rəqiblərimizdən biri Macarıstandır"
- 06 noyabr, 2025
- 12:11
Azərbaycanın qadınlardan ibarət yığmasının DÇ-2027-nin seçmə mərhələsində ən çətin rəqiblərindən biri Macarıstandır.
Bunu "Report"a açıqlamasında millinin baş məşqçisi Siyasət Əsgərov deyib.
"Avropa çempionatının seçmə mərhələsində rəqiblərimiz Macarıstan, Şimali Makedoniya və Andorra komandaları oldu. Bunlardan yalnız Macarıstan millisi bizə tanışdır. Bu rəqib haqqında çox yaxşı sözlər demək olar. Çünki istər komanda, istərsə də fərdi olaraq keyfiyyətli futbolçuları var. Daim qadın futbolunda top-komandaların mübarizə apardığı liqalarda yer alırlar. Macarıstan millisi C Liqasına yuvarlanıb. Düşünürəm ki, yer aldığımız liqada Macarıstan iki ən çətin rəqibdən biridir. İndiyə qədər Macarıstan millisi ilə iki dəfə qarşılaşmışıq. İlk oyun 1:1 hesabı ilə bitmişdi. İkinci matçda isə evdə onlara uduzmuşduq. Rəqibi tanıyırıq, üstün və zəif cəhətləri barədə daha çox məlumat toplamağa çalışacağıq" - deyə, mütəxəssis bildirib.
S.Əsgərov yaxşı qrupda yer aldıqlarını düşünür:
"Digər rəqiblərin heç biri ilə görüşməmişik. Amma başqa komandalarla oyunlarını təhlil etmişik. Düşünürəm ki, yaxşı qrupdayıq. Növbəti mərhələyə keçmək istəyiriksə, maksimum xal toplamağa çalışmalı və bunun üçün əlimizdən gələni etməliyik".
Qeyd edək ki, DÇ-2027-nin seçmə mərhələsində Azərbaycan millisi yer aldığı C Liqasının III qrupunda Macarıstan, Şimali Makedoniya və Andorra komandaları ilə mübarizə aparacaq.