"Səbail"dən ayrılan mütəxəssis: "İndiki məqamda belə bir addım atmaq lazım idi"

Futbol
  • 28 noyabr, 2025
  • 14:55
Səbaildən ayrılan mütəxəssis: İndiki məqamda belə bir addım atmaq lazım idi

Azərbaycanın I Liqasında çıxış edən "Səbail"in baş məşqçi postundan istefa verən Elvin Məmmədov indiki məqamda belə bir addımın lazım olduğunu bildirib.

Bu barədə "Report"a mütəxəssis özü açıqlama verib.

O, "Səbail"in cari mövsümdəki çıxışı haqqında da fikirlərini bölüşüb:

"İndiki məqamda belə bir addım atmaq lazım idi. Mövsümə pis başlamamışdıq. Bəzi məqamlarda xallar itirdik ki, bu da normaldır. Futbolda qaçılmaz anlar var. Oyunlarda çox qol vəziyyətləri yaradırdıq, sadəcə, onlardan istifadə edə bilmirdik. Bu, məni çox qayğılandırırdı. "Cəbrayıl"la matçda da xeyli qol vəziyyətləri yaratdıq. Amma 5 metrdən qapıya "düşə" bilmirsənsə, deməli, nələrisə dəyişmək lazımdır".

Sabiq yarımmüdafiəçi klub rəhbərliyi ilə heç bir problem yaşamadığını vurğulayıb:

"Rəhbərliklə tam səmimiyyətlə razılaşdıq, ayrıldıq. Belə dönəmdə nələrisə dəyişmək üçün bu addım atılmalıdır. Bir-birimizi anladıq. Liderlə arada 5 xal fərqimiz var idi. Durumu düzəltməyə çalışdım. Öz yolumuz var və buna da davam etmək istəyirik. Getdiyimiz yol nə qədər düz və ya səhvdir, bu, başqa mövzudur. Amma ən azı futbol oynamağa çalışırdıq, nələrisə öyrətmək istəyirdim. Xeyrilisi nədirsə, o da olsun".

O, məşqçi kimi inkişaf etmək istədiyini söyləyib:

"Bu yola girmişəmsə, məqsədim inkişaf etməkdir. Böyük ambisiyam yoxdur. Onsuz da məndən yaxşı məşqçilər də istefa verib və ya yola salınıb. Məşqçiliyə yeni başlamışam. Bu baxımdan heç bir problem yoxdur. Hər şeyi ölçüb-biçirəm. İşim, yolum budur. Məşqçiliyə davam etmək istəyirəm. Hər şey mənim üçün böyük bir təcrübədir. Yəqin ki, təkliflər olacaq və seçim edəcəyəm".

Qeyd edək ki, E.Məmmədov ötən gün qarşılıqlı razılıq əsasında "Səbail"dən ayrılıb. Komanda hazırda I Liqanın turnir cədvəlində 18 xalla ikincidir.

Son xəbərlər

Bütün Xəbər Lenti