Türkmənistanda Azərbaycan tamaşaları nümayiş olunacaq
- 28 noyabr, 2025
- 15:36
Azərbaycanın səhnə əsərləri Türkmənistanın teatrlarında dünya xalqları arasında sülh və dostluq münasibətlərinə həsr olunan xarici klassik tamaşalar həftəsində nümayiş olunacaq.
Azərbaycanın Türkmənistandakı Səfirliyindən "Report"a verilən məlumata əsasən, Türkmənistanın daimi tərəfsizliyinin 30 illik ildönümü münasibətilə 6-12 dekabr 2025-ci il tarixlərində ölkədə keçiriləcək mədəniyyət həftəsi çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığından nümunələr də təqdim olunacaq.
Üzeyir Hacıbəylinin "Ər və arvad" operettası əsasında səhnələşdirilmiş eyniadlı tamaşa Aşqabadda Böyük Saparmurad Türkmənbaşı adına Baş Dram Teatrında türkmən dilində nümayiş etdiriləcək. Tamaşa eyni zamanda, ingilis və rus dillərinə sinxron tərcümə olunacaq.
Həmçinin, həftə çərçivəsində Aşqabadın A.S.Puşkin adına Rus Dram Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" tamaşası ənənəvi olaraq nümayiş olunacaq.
Tamaşa həftəsi ərzində Türkmənistan tamaşaçıları və xarici qonaqlar teatr səhnələrində Azərbaycan, qırğız, gürcü, amerika, rus, italyan və fransız dramaturqlarının əsərlərini izləmək imkanı əldə edəcəklər.