Nizami Sadıqov: "Fransa ilə matçda futbolçuların əzmkarlığı və psixoloji hazırlığı önəmli olacaq"
- 09 oktyabr, 2025
- 11:50

Fransa yığması ilə DÇ-2026-nın seçmə mərhələsinin oyununda Azərbaycan millisinin futbolçularının əmzkarlığı və psixoloji hazırlığı önəmli olacaq.
Bu barədə Azərbaycan millisinin sabiq qapıçısı Nizami Sadıqov "Report"a açıqlama verib.
O, sabah keçiriləcək Fransa - Azərbaycan oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Rəqibin gücü hamıya bəllidir. Əlavə nəsə deməyə ehtiyac yoxdur. Bu matçdan gözləntimiz normal nəticənin olmasıdır. Başımızdan yuxarı tullana bilmərik".
60 yaşlı veteran futbolçu baş məşqçiyə və komandaya uğurlar arzulayıb:
"Ayxan Abbasov yaxşı mütəxəssisdir. O, komandanı bu qarşılaşmada necə oynatmalı olduğunu bilir. Oyunçuların potensialına da bələddir. Əzmkarlıq və psixoloji hazırlıq önəmlidir. Ən vacib isə futbolçular maksimum dərəcədə oyuna hazır olmalıdırlar. Onların hər birinin məsuliyyəti birə-beş olmalıdır".
1995-ci ildə Fransa - Azərbaycan (10:0) matçında iştirak etmiş N.Sadıqov həmin görüş barədə danışmaq istəməyib:
"Həmin oyun haqqında danışmaq istəmirəm. Etdiyimiz səhvlərdən nəticə çıxartmalıyıq".
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda keçiriləcək.