Səbinə Əliyeva: Əhalinin psixi sağlamlığının yaxşılaşdırılması sahəsində zəruri addımlar atılır
- 09 oktyabr, 2025
- 14:31

Əhalinin müxtəlif qruplarının psixi sağlamlığının yaxşılaşdırılması, bu barədə məlumatlılığın artırılması və ayrı-seçkilik hallarına qarşı mübarizə istiqamətində zəruri addımlar atılır.
"Report" xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva "Psixi sağlamlıq və insan hüquqları" sahəsində İşçi Qrupunun ilk iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq rəhbər prinsiplərdən yararlanaraq Azərbaycanda psixi sağlamlıq sahəsində hüquqi bazanın və praktik tədbirlərin gücləndirilməsinə çalışılır:
"Ölkəmizdə də psixi sağlamlıq məsələləri daim dövlətin diqqət mərkəzindədir. Biz bu sahədə müvafiq dövlət qurumları tərəfindən həyata keçirilən proqram və layihələri davamlı izləyir, təhlillər aparırıq. Bu mandat çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun, həmçinin əlilliyi ola şəxslərin hüquqları, uşaq hüquqları, bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması üzrə müstəqil monitorinq qruplarının üzvləri mütəmadi olaraq psixiatriya müəssisələrinə başçəkmələr həyata keçirir, oradakı şərait və rəftarın beynəlxalq insan hüquqları standartlarına uyğunlaşdırılması üçün tövsiyələr verir".
S.Əliyeva bildirib ki, Azərbaycanın Birinci və İkinci Qarabağ müharibəsinin ağır nəticələrini yaşayıb:
"Müharibələr yalnız fiziki dağıntılarla bitmir – onun mənəvi və psixi mirası illərlə davam edən yaralar qoyur. Köçkünlük, itkilər, əsir götürülmə halları, partlayıcı qalıqların yaratdığı təhlükələr, ailə və icma bağlarının zədələnməsi minlərlə vətəndaşımızın stabil psixi vəziyyətini sarsıdıb".
Ombudsman vurğulayıb ki, psixi sağlamlıq yardımı müharibədən sonrakı bərpa prosesinin əsas hissəsidir:
"Qazilərin, şəhid ailələrinin psixososial reabilitasiyasını daim diqqətdə saxlayırıq və bu istiqamətdə fəaliyyətin gücləndirilməsini tövsiyə edirik. Müharibə və post-müharibə dövründə zərərçəkmiş şəxslərə və onların yaxınlarına, ailə üzvlərinə mütəxəssislər tərəfindən psixoloji və tibbi dəstək göstərilməsi məqsədilə Ombudsmanın təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrində - Gəncədə, Şəkidə, Ağstafada, Lənkəranda aksiyalar təşkil olunub. "Psixi sağlamlıq və insan hüquqları" sahəsində İşçi Qrup yaradıldıqdan sonra tapşırığım əsasında Qrupun katibliyi tərəfindən mövcud sahədə vəziyyəti qiymətləndirmək üçün ətraflı təhlil işi aparılıb".