"Yüksəliş" müsabiqəsi çərçivəsində növbəti intellektual yarış keçirilib
- 16 noyabr, 2025
- 14:49
Zəfər gününün beşinci ildönümü münasibətilə "Yüksəliş" müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları arasında "Zəfərdən Yüksəlişə" adlı intellektual yarış təşkil olunub.
"Report" xəbər verir ki, tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi tarixi zəfərə həsr olunmuş Vətən müharibəsinin qəhrəmanlıq səhnələri, eləcə də Ali Baş Komandanın zəfər strategiyasını, Azərbaycan Ordusunun rəşadətini və xalqın birliyini əks etdirən qısa videoçarx nümayiş olunub.
Açılış mərasimində gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev çıxış edərək iştirakçıları salamlayıb və komandalara uğurlar arzulayıb.
Kvizdə ümumilikdə 152 nəfər iştirakçı mübarizə aparıb. Yarışda 19 komanda iştirak edib. Mübarizədə birinci yerə "ZəfərOn", ikinci yerə "44", üçüncü yerə isə "Everest" komandaları layiq görülüblər. Qalib komandalar müxtəlif mükafatlar və diplomlarla təltif olunublar.
Artıq altıncı dəfə keçirilən bu intellektual yarışlar "Yüksəliş" müsabiqəsinin bilik və həmrəylik ruhunu yaşadan ənənəsinin davamıdır. Qeyd edək ki, əvvəlki illərdə keçirilən kvizlər müxtəlif mühüm hadisələrə həsr olunub.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat məbləğində mükafat qazanırlar.