Maradonanın Buenos-Ayresdə mavzoleyinin ucaldılması ilə bağlı layihə dayandırılıb
- 26 noyabr, 2025
- 10:43
Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın paytaxt Buenos-Ayresdə mavzoleyinin ucaldılması ilə bağlı layihə dayandırılıb.
"Report"un "La Nacion"a istinadən məlumatına görə, bu barədə abidənin tikintisinə cavabdeh olan şirkət tərəfindən açıqlama verilib.
Uzun müddətdir obyektdə heç bir iş aparılmadığı qeyd olunub. Şirkətin açıqlamasında nəzərdə tutulan məkanda belə miqyasda bir layihəni həyata keçirmək üçün zəruri şəraitin və lazımi təminatların olmadığı bildirilib.
Buna baxmayaraq, layihənin saytı fəaliyyətini davam etdirir və hələ də mavzoleyin tikilməsi üçün 120 min peso (82 dollar) məbləğində ianə etmək mümkündür. Ödəniş edənlər Maradonanın xatirəsinə ucaldılan abidədə görünməsi üçün öz şəkillərini də sayta yerləşdirə bilərlər.
2024-cü ilin oktyabrında məhkəmə tərəfindən qızlarına futbolçunun cəsədini mavzoleyə köçürməsi üçün icazə verilib. Hazırda Maradonanın cəsədi Buenos-Ayresin ətrafında ziyarət üçün bağlı olan özəl qəbiristanlıqdadır.
Qeyd edək ki, Argentina millisinin heyətində dünya çempionu olmuş Dieqo Maradona 2020-ci il noyabrın 25-də, 60 yaşında vəfat edib.