İlqar Aslanov: "Əsas problem futzalçıların məşqlərə mütəmadi qoşula bilməməsidir"

Futbol
  • 20 noyabr, 2025
  • 16:28
İlqar Aslanov: Əsas problem futzalçıların məşqlərə mütəmadi qoşula bilməməsidir

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin əsas problemi seçilən yaxşı futzalçıların müxtəlif səbəblərdən məşqlərə mütəmadi qoşula bilməməsidir.

Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi İlqar Aslanov deyib.

O, ölkə çempionatında ardıcıl məğlubiyyətlərin də komandaya mənfi təsir etdiyini söyləyib:

"Düzdür, bir neçə yaxşı, potensiallı uşaqlar tapmışam. Amma əsas çətinliyimiz seçdiyim yaxşı futzalçıların müxtəlif səbəblərdən məşqlərə mütəmadi qoşula bilməməsidir. Onları futzala cəlb etmək istəsək də, böyük futboldan əl çəkmirlər. Valideynləri ilə söhbətləşirik, ümid edirlər ki, böyük futbolda alınacaq. Heyətdən çıxara da bilmirəm, çünki perspektivləri var. Çətinliklərimiz çoxdur, amma belə çalışmağa məcburam. Ardıcıl məğlubiyyətlər komandaya təsir edir. Bu yaşda futzalçılarla Yüksək Liqada oynamağın müsbət tərfləri varsa, mənfi yönləri də olur. Aşağı liqalardan başlaya bilərik. Amma bu halda təcrübəli komandalara qarşı oynayanda yenə çətinlik yaranacaq. İnkişaf üçün beynəlxalq oyunların da təşkili vacibdir. Ən azı qonşu ölklərlə yoxlama oyunları təşkil edilə bilər. Yaxud hansısa beynəlxalq turnirlərdə iştirak futzalçıların səviyyələrini artıracaq. İndi özbəklər, qazaxlar, qırğızlar artıq yüksək səviyyədə oynayırlar. Belə planlarımız var, istəklərimiz həyata keçsə, yaxşı olar".

O, Azərbaycan Yüksək Liqasında zəif çıxışın səbəblərini açıqlayıb:

"Komandamız ölkə çempionatında braziliyalılara qarşı oynayır. Əlbəttə, böyük hesabla uduzmağımız təbiidir. Yeni futzalçıları yoxlayıram. Əvvəlki heyətdən bir neçə nəfər qalıb, qlanları yenidir. Böyük futboldan heç kim gəlmək istəmir. Orada oyunu alınmayanlar, zəif çıxış edənlər özlərini futzalda yoxlamaq istəyirlər. Belə demək mümkündürsə, futzaldan xəbəri olmayanları götürüb sıfırdan öyrədirəm. Bir neçə il birlikdə olduqdan sonra komanda dağılır və yeni uşaqlar gəlir. Ona görə də çətinliklərin olması təbiidir".

Mütəxəssis əsas hədəfin 2027-ci ildə Türkiyədə keçiriləcək IV Avropa Oyunları olduğunu qeyd edib:

"Azərbaycan çempiontındakı hədəflərimizə gəlincə, hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Uşaqları həmişə buna kökləyirəm. Bir qələbə qazanmışıq, uşaqlar üçün çətindir. Bir neçə oyun keçirmişik, amma uşaqlar hələ futzalı başa düşmürlər. Böyük futboldakı kimi topu saxlayırlar, aparırlar, gec fikirləşirlər. Ona görə də problemlər yaranır. Əsas məqsəd 2027-ci ildə keçiriləcək IV Avropa Oyunlarına hazırlıqdır. Uşaqlara futzal öyrətməliyik. Düzgün oynasalar, qələbələr də gələcək".

İ.Aslanov əsas milliyə namizədlərin olduğunu bildirib:

"Əsas yığmaya namizədlərdən Oqtay Mahmudzadəni, Pünhan Qasımzadəni göstərə bilərəm. Oqtay əsas komandaya cəlb olunmuşdu, hətta VI İslam Həmrəyliyi Oyunlarında da iştirak etdi. Düzdür, az oynadı, amma müəyyən təcrübə qazandı. İşimizin müsbət nəticələrini görürük. Bəzi yetirmələrimiz Yüksək Liqa klublarına transfer olundular. İndiki gənclərin əksəriyyəti bizim əlimizdən çıxanlardır".

Qeyd edək ki, U-19 millisi Yüksək Liqada 7 oyundan sonra 3 xalla beşinci pillədə qərarlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti