Rusiya idman nazirinin müavini: "Məqsədimiz III MDB Oyunlarının keçirildiyi bütün şəhərləri ziyarət etməkdir"
- 29 sentyabr, 2025
- 16:52

Məqsədlərdən biri III MDB Oyunlarının təşkil olunduğu yeddi şəhərin hər birini ziyarət etməkdir.
"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Rusiya idman nazirinin müavini Aleksey Morozov jurnalistlərə açıqlamasında deyib.
O, Gəncədə "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş" iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclası barədə danışıb:
"Biz burada ən çox idmançı və nümayəndəsi olan ölkələrdənik. Bu gün Gəncədə Heydər Əliyev Parkında olduq, həmçinin sambo yarışının keçirildiyi Göygöl Olimpiya İdman Kompleksini ziyarət etdik. Ümumilikdə məqsədimiz Oyunların təşkil olunduğu bütün yeddi şəhəri ziyarət etməkdir. Bundan əvvəl biz adətən yalnız Bakıda olurduq. Bakı Azərbaycanın idman paytaxtıdır".
Rusiyalı nazir müavini idmançılarının III MDB Oyunlarından böyük təcrübə qazanacaqlarını söyləyib:
"Bu Oyunlar bizim idmançılar üçün öz bayraqları və himni altında yarışmaq üçün əla fürsətdir. İdmançılarımız güclü və istəkli rəqibləri görməyə şaddırlar. Bu, onlar üçün böyük təcrübə olacaq".
O, Xankəndidə keçiriləcək kamandan oxatma yarışını da izləyəcəyini bildirib:
"Bütün yerli idman obyektlərini mütləq görəcəyik. Bu şəhərlərdə yerləşən bütün iştirakçı komandaları ziyarət etmək istəyirik. MDB Oyunlarının keçirildiyi bütün coğrafi ərazini araşdırmaq bizim üçün çox vacibdir".
O, IV MDB Oyunlarının Rusiyada keçirilmək ehtimalından danışıb:
"Bu gün sözügedən məsələ müzakirə olundu. Dünən rəsmi və qeyri-rəsmi olaraq bütün bunları müzakirə etdik. Bəzi variantlar artıq hazırdır. Bu gün əsasən qeyri-rəsmi görüşdür. Rusiya hər zaman kömək əlini uzatmağa hazırdır. Oyunları özümüz keçirməkdən məmnun olarıq. Danışıqları davam etdirəcəyik və qeyri-rəsmi qərarlar qəbul edəcəyik. Növbəti görüşdə isə IV MDB Oyunlarının keçiriləcəyi yeri rəsmən təsdiq edəcəyik".
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.