İslamiadanın türkiyəli çempionu: "Nuray Əbilova yaşına görə böyük potensiala malikdir"

Fərdi
  • 10 noyabr, 2025
  • 12:25
İslamiadanın türkiyəli çempionu: Nuray Əbilova yaşına görə böyük potensiala malikdir

Nuray Əbilova yaşına görə böyük potensiala malik bir idmançıdır.

Bunu "Report"un Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi oyunlarına ezam olunan əməkdaşına türkiyəli ağırlıqqaldıran Qamze Altun deyib.

O, çempion olması və Azərbaycanın 15 yaşlı ağırlıqqaldıranı Nuray Əbilovanın çıxışı barədə danışıb:

"Həqiqətən çox xoşbəxtəm. İlk dəfə İslamiadada iştirak etdim və 3 qızıl medal qazandım. Azərbaycanlı rəqibimlə mübarizə apardığım üçün çox sevincliyəm. Hər ikimiz medal qazandıq. Nuray yaşına görə böyük potensiala malik idmançıdır. Onun yaşında bir çox insan peşəkar səviyyədə yarışlarda iştirak edə bilmir. Əminəm ki, gələcəkdə böyük uğurlar əldə edəcək".

Qamze Altun 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatını da xatırlayıb:

"Biz komanda yoldaşımla birgə Ermənistanda keçirilən Avropa çempionatında medal qazanmışdıq və həmin medalı Azərbaycana həsr etmişdik. Daha sonra Cənab Prezident İlham Əliyev bizi Azərbaycana dəvət etmişdi. Bizim yarışımızdan bir gün əvvəl Azərbaycan bayrağı yandırılmışdı və buna görə milli komandanız yarışda iştirak etməmişdi. Bu səbəbdən biz də belə bir jest etmək qərarına gəlmişdik".

Qeyd edək ki, Qamze Altun İslamidada 48 kq çəki dərəcəsində 3 qızıl medal qazanıb. Nuray Əbilova isə yarışı 3 bürünc medalla başa vurub.

Son xəbərlər

Bütün Xəbər Lenti